"Rusiya Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmən qalmasını istəyir"


Siyasət 01 Avq 2018 12:40:00 216 0

"Rusiya Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmən qalmasını istəyir"

"Rusiyanın Ermənistandakı hərbi bazasının belə bir "missiyası" da var imiş".

Ermənistanda maraqlı fakt aşkarlayıblar. Sən demə, Ermənistanda Azərbaycan və Türkiyə əleyhinə ən çox informasiya yayan yerli informasiya saytını Rusiyanın Gümrüdəki 102 nömrəli hərbi bazasının komandanlığı maliyyələşdirirmiş.

Son.az xəbər verir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, hərbi baza 2016-cı ildə erməni sayta 100 min rubl ayırıb: "Bunun qarşılığında sayt Azərbaycan və Türkiyə əleyhinə təbliğat aparmalı idi. Bu faktın özü də göstərir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı deyil, Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmən qalmasını istəyir. Ancaq Rusiyanın hərbi bazasının Azərbaycan əlehinə təbliğatı maliyyələşdirməsi nonsensdir. Demək, Rusiyanın Ermənistandakı hərbi bazasının belə bir "missiyası" da var imiş".

Rusiyanın 102 saylı bazası Ermənistanda xəbər saytını maliyyələşdirirmiş Ekspertin fikrincə, ermənilərin özlərinin bu faktı aşkarlaması ondan xəbər verir ki, əslində, Azərbaycan və Türkiyə ilə düşmən olmanın onlara bütün istiqamətlərdə baha başa gəldiyini anlayırlar: "Elə bu günlərdə eks-prezident Levon Ter-Petrosyana bağlı partiyadan olan deputatın "biz Azərbaycan torpaqlarını işğal etmişik" ifadəsini işlətməsi də təsadüfi deyil. O, bu etirafı Robert Koçaryan və Serj Sarqsyanın prezidentliyi dövründə işlətməkdən çəkinərdi. Görünür, baş nazir Nikol Paşinyanın apardığı siyasət Ermənistanda Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının zərurətini anlayan azsaylı şəxsləri hərəkətə gətirib. Ancaq Rusiyanın əngəli yenə də hiss olunur. İşğalçı eks-prezident Robert Köçəryanın həbsinə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun timsalında "biz Ermənistanda baş verənlərdən narahatıq" kəlməsinin işlətməsi gözlənilən idi".

İlkin İzzət Son.az