Müəllimlərin işə qəbulu ilə bağlı ilkin nəticələr bu gün açıqlanacaq


Digərləri 01 Avq 2018 12:12:00 233 0

Müəllimlərin işə qəbulu ilə bağlı ilkin nəticələr bu gün açıqlanacaq

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb.

Son.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, avqust ayının 1-də test imtahanının nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək, avqustun 3-dən etibarən isə vakansiya seçimi mərhələsinə start veriləcək.

Vakansiya seçimi mərhələsində namizədlər elektron ərizələrinə ali və ya orta ixtisas təhsili haqqında sənədi və onun əlavəsini yükləyərək, vakant yer seçərək ərizələrini təsdiq etməlidirlər. Elektron ərizələr yoxlanıldıqdan sonra namizədlər imtahanda göstərdikləri nəticələrə uyğun olaraq proqram təminatı tətbiq olunmaqla vakant yerlərə yerləşdiriləcəklər. Bu barədə onların şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.

Qeyd edək ki, müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədlərə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim edilib.