1 avqust Azərbaycan Əlifbası günüdür VİDEO


Digərləri 01 Avq 2018 12:01:43 403 0

1 avqust  Azərbaycan Əlifbası günüdür  VİDEO

Hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən birini həmin xalqın əlifbası, yazı sistemi təşkil edir.

Əlifba xalqın mədəniyyət silahı, milli-mənəvi sərvətidir. Mədəni və mükəmməl əlifba əsasında aparılan yazı sistemi xalqın maddi-mədəni nailiyyətlərinin yaranmasında, yaşamasında və inkişaf etməsində başlıca rol oynayır, xalqın dilinin, elmi əlaqələrinin və digər zəruri fəaliyyət sahələrinin tərəqqisinə xidmət edir.

Azərbaycan xalqının əlifbası tarixin müxtəlif dövrlərində müəyyən səbəblər ucbatından bir neçə dəfə dəyişdirilməyə məruz qalıb, kiril qrafikalı əlifba isə, ümumiyyətlə, Azərbaycan dilinin səs sisteminə uyğun olmamasına baxmayaraq, qəbul edilib.

Azərbaycan dilinin fonetik sisteminə tam uyğun olan yeni əlifba yaratmaq XX əsrin 80-ci illərinin sonlarında az bir zaman ərzində ümumxalq arzusuna çevrilib. Xalq milli-mənəvi mədəniyyətin digər sahələrində olduğu kimi, yazı məsələlərində də öz istəyinə nail olmağı qarşısına məqsəd qoyub.

Həmin dövrdə Azərbaycanda baş verən oyanış hərəkatı bir çox ziyalılarımızla yanaşı, görkəmli dilçi-alim Afad Qurbanovun da diqqətini xalqımızın taleyüklü problemlərinin həllinə yönəldib. Həmin problemlərdən biri də Azərbaycan xalqının kiril qrafikalı əlifbasının dəyişdirilməsi və Azərbaycan dilinin dövlət dili kimi qanuniləşdirilməsi, onun daha fəal işlədilməsi, habelə ictimai və başqa funksiyalarının genişləndirilməsinin təmin edilməsi olub.

Son.az Trend-ə istinadən bildirir ki, bu dövrdə latın qrafikalı yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz Afad Qurbanov olub. 1 avqust 1990-cı il tarixində onun təşəbbüsü ilə Azərbaycan Əlifba Komissiyası yaradılıb və əlifba mütəxəssisi kimi bilik və bacarığı nəzərə alınaraq o, komissiyanın sədri təyin edilib.