"Ölkədə dini mühiti qarışdırmaq istəyən "ideoloji terrorçular"ın Qarabağ diplomatiyasını hədəfə alması təsadüf deyil"


Digərləri 01 Avq 2018 10:16:46 263 0

"Ölkədə dini mühiti qarışdırmaq istəyən "ideoloji terrorçular"ın Qarabağ diplomatiyasını hədəfə alması təsadüf deyil"

Azərbaycanın rahat dini mühitini qarışdırmaq istəyən "ideoloji terrorçular"ın həm də Qarabağ diplomatiyasını hədəfə alması təsadüf deyil.

Son.az xəbər verir ki, bunu Trend-ə "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bildirib.

A.Quliyev qeyd edib ki, dövlət məmurları əleyhinə silahlı terror hücumlarını davamlı prosesə çevirmək cəhdləri iflasa uğrayandan sonra həmin qüvvələr indi də əsas gücü ideoloji terror sahəsinə yönəldiblər:

"Azərbaycanda guya müsəlmanların sıxışdırıldığını, dini azadlıqların olmadığını iddia edirlər, milli-etnik həmrəyliyin mövcudluğuna şübhə oyatmaq istəyirlər, hətta Azərbaycan hakimiyyətinin guya Qarabağ probleminin həllində maraqlı olmadığını sübut etməyə çalışırlar. Qonşu ölkələrdə sığınacaq almış məlum dönüklər Azərbaycana qarşı din pərdəsi altında ideoloji terrorun zərbə qüvvələri kimi qabağa verilib. İdeoloji terrorla məşğul olan bu qüvvələrin əsas hədəflərinə ayrıca baxsaq, Gəncədə terror törədənlərlə eyni mərkəzdən idarə olunduqlarına bir daha əmin ola bilərik. Azərbaycandakı tolerant mühiti, milli-dini mənsubiyyətindən asılı olmayaraq ümumvətəndaş həmrəyliyini və getdikcə möhkəmlənən Qarabağ diplomatiyasını hədəfə alıblar. Onların seçdiyi bu üç hədəf müasir Azərbaycan dövlətçiliyinin sarsılmaz sütunlarıdır, bunu onlar da yaxşı bilir. Bizi bu sütunlardan vurmaq istəyən tək-tək sosial media terrorçularının hansı barışmaz düşmənlərimizlə əlbir olduqları aşkardır".

Onun sözlərinə görə, Qarabağ diplomatiyası elə bir dövrdə hədəf seçilir ki, Ermənistan dalbadal səhvlər buraxır və dünyada Azərbaycanın mövqeyinə verilən dəstəyin miqyası sürətlə artır: "Bu fakt sosial şəbəkələrdə Azərbaycanın dini mühitini hədəfə alanların ermənipərəst qüvvələrlə işbirliyində olduqlarına şübhə yeri qoymur. Azərbaycan ictimaiyyəti belə düşmən sövdələşmələrdən yaxşı xəbərdar olduğu üçün həmin planların uğur şansı sıfıra bərabərdir".