Vəkil Aslan İsmayılov 1 il 6 ay müddətinə islah işlərinə məhkum edildi


Digərləri 31 İyl 2018 22:13:00 483 0

Vəkil Aslan İsmayılov 1 il 6 ay müddətinə islah işlərinə məhkum edildi

Son bir il ərzində məşhur iş adamı, "Xəmsə" MMC-nin sahibi Mürvət Həsənli ilə vəkil Aslan İsmayılov arasında davam edən məhkəmə prosesi, nəhayət ki, sona çatdı.

Son.az virtualaz.org-a istinadən bildirir ki, hakim Azər Tağıyevin sədrliyi ilə Səbail Rayon Məhkəməsində keçirilən iclas tərəflərin Korrupsiya ilə Mübarizə İdarəsinin yolladığı sənədlərlə tanışlığı ilə başladı. Hakim müdafiə və ittiham tərəflərinə müraciət edərək istintaqın bitdiyini bildirdi. İttiham tərəfinin etirazı olmasa da, təqsirləndirilən A.İsmayılov etirazını etdi.

Hakim isə bu narazılığa fikir verməyərək, məhkəmə istintaqının başa çatdığını elan edib. Bundan sonra tərəflərə çıxış üçün soz verilib.

Ötən proseslərdə olduğu kimi, yenidən gərginlik yaşanıb. M.Həsənli yenidən məhkəmədən A.İsmayılovun məhkəmə zalında həbs edilməsini istəyib. Lakin təqsirləndirilən öz çıxışında onun iddialarını rədd edib.

Hakimin son söz üçün müraciət etməsinəı baxmayaraq, A.İsmayılov bundan imtina edib.

Sonra məhkəmə müşavirəyə yollanıb və yarım saatdan sonra hakim Azər Tağıyev hökmü elan edib. A.İsmayılov əməkhaqqının 15%-nin dövlətin xeyrinə tutulması şərtilə 1 il 6 ay müddətinə islah işlərinə məhkum edilib və 1500 manat həcmində cərimə olunub.

Qeyd edək ki, A.İsmayılov özünün "Facebook" səhifəsində, həmçinin KİV üçün brifinqdə Mürvət Həsənlinin ünvanına onun şərəf və ləyaqətini alçaldan ifadələr işlətməkdə ittiham edilirdi. M.Həsənli vəkili məhkəməyə verərək, onun barəsində CM-nin 147.2-ci maddəsi üzrə (böhtan, ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə) cinayət işinin başlanmasını tələb etmişdi.