“Dəniz Kuboku-2018” beynəlxalq yarışlarının açılış mərasimi keçirilib


Digərləri 31 İyl 2018 19:23:00 274 0

“Dəniz Kuboku-2018” beynəlxalq yarışlarının açılış mərasimi keçirilib

Hərbi Dəniz Qüvvələrinin qərargahında “Beynəlxalq Ordu Oyunları–2018” çərçivəsində Bakıda təşkil edilən “Dəniz Kuboku-2018” beynəlxalq yarışlarının təntənəli açılış mərasimi keçirilib.

Bakı. Samir Əli - Hərbi Dəniz Qüvvələrinin qərargahında “Beynəlxalq Ordu Oyunları–2018” çərçivəsində Bakıda təşkil edilən “Dəniz Kuboku-2018” beynəlxalq yarışlarının təntənəli açılış mərasimi keçirilib. Trend-in məlumatına görə, açılış mərasimində hərbçilər, iştirakçı dövlətlərdən başqa Türkiyə, Pakistan, ABŞ, Vyetnam, Səudiyyə Ərəbistanı, Bəhreyn Krallığı, Bolqarıstan və digər ölkələrin Azərbaycanda akkreditə olunmuş nümayəndələri və Hərbi Dəniz Qüvvələrinin rəhbər heyətləri iştirak ediblər. Mərasimdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblının, incəsənət ustalarının və matrosların iştirakı ilə Azərbaycanın tarixi və milli adət-ənənələrini əks etdirən etnoqrafik etüdlər təqdim edilib. Sonra “Dəniz Kuboku-2018” müsabiqəsinin hakimlər briqadası və komandalar mərasimə dəvət olunub. Müsabiqə iştirakçıları - Rusiya Federasiyası Xəzər flotiliyasının, İran İslam Respublikasının, Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının Hərbi Dəniz qüvvələrinin komandaları dövlət bayraqları altında və hərbi orkestrın müşayiəti ilə meydana daxil olublar. Mərasimdə müsabiqəyə ev sahibliyi edən Azərbaycanın dövlət himni ifa edilib, üçrəngli bayrağı qaldırılıb. IV Beynəlxalq Ordu Oyunlarının və “Dəniz Kuboku-2018” müsabiqəsinin bayraqları mərasimə gətirilib. Sonra IV Beynəlxalq Ordu Oyunlarının və “Dəniz Kuboku-2018” müsabiqəsinin bayraqları qaldırılıb.