Azərbaycanda qadınlara səsvermə hüququ 100 il əvvəl verilib Eurolatio


Digərləri 31 İyl 2018 18:48:00 346 0

Azərbaycanda qadınlara səsvermə hüququ 100 il əvvəl verilib  Eurolatio

Eurolatio, Fransa

31.07.2018 

Müəllif: Vüsalə Əliyeva

Müsəlman dünyəvi ölkədə. Kim buna inanardı? Bu haqda kimin məlumatı var? Bərabərlik, azadlıq... Bunlar ümumi sözlər olsa da, ictimai hərəkatların, amansız mübarizənin, sosial müqavimətin obyektləri kimi dərin məna daşıyır...

İstər özəl, istərsə də dövlət sektorunda qadınlara qarşı ayrı-seçkilik demək olar ki, bütün dünyada mövcuddur. Amma bu, ölkələr üzrə fərqlənir. Çağdaş dünyada qadının məhz cinsinə görə səsvermə hüququna malik olmaması kimi məntiqsizlik daha çox kollektiv nümayəndəliklərdə, xüsusilə Avropa cəmiyyətlərində özünü göstərir. Bizə fundamental və əsaslı görünən bu hüquq bir qədər uzun, bəzi ölkələrdə isə kəskin, qeyri-adekvat mübarizə nəticəsində əldə olunur. Bəzi ölkələrdə bu mübarizə hələ də bitməyib və ya bu yaxınlarda sona çatıb. Məsələn, qadınların hələ də səsvermə hüququna malik olmadığı Səudiyyə Ərəbistanı...

Səsvermə hüququ dünya miqyasında geniş yayılsa da, qadınlar hələ də siyasi sahədən kənarda qalır. Azərbaycan dövləti bu baxımdan digərlərindən fərqlənir. Azərbaycan qadınlara bu hüququ Birinci Dünya müharibəsindən sonra vermiş ilk dövlətlərdəndir.

Qadınların səsvermə hüququ sahəsində qabaqcıl ölkə

1918-ci il mayın 28-də elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti (AXC) bu məsələdə Fransanı da qabaqlayaraq (Fransada qadınlar bu hüququ 1944-cü ilədək gözləməli olub), qadınların səsvermə hüququnu təmin edib. O zaman yeni yaranmış respublika davamlı hüquqi bazanın yaradılmasında Qərb institutlarından böyük ilham almışdı. Milli parlament yaradılmış, fərdi azadlıqlar, hüquqlar təmin edilmiş, xüsusilə qadınlara seçki hüququ verilmişdi. Söhbətin müsəlman ölkəsindən getdiyini nəzərə alsaq, əlbəttə ki bu, daxildən gələn bir şey deyildi. Amma 1920-ci ildə AXC-nin SSRİ tərəfindən işğal olunması da burada nəyisə dəyişməyib (Sovetlər qadınlara səsvermə hüququnu 1917-ci ildə vermişdi).

Azərbaycan - müsəlman fundamentalizminin virusundan qorunan ölkə

Dünyəvi müsəlman ölkəsi olan çoxmillətli Azərbaycan, eyni zamanda həm Şərq, həm də Qərb ölkəsi kimi, orijinallıq nümayiş etdirir. Əhalisinin əksəriyyəti müsəlman olsa da, idarəetmə sistemi dünyəvi və sekulyardır. Bu, onu dünyəvi dövlətə, dini tolerantlığa bağlı ölkəyə çevirir. Başqa ölkələrdən fərqli olaraq, Azərbaycanda dinlə dövlət bir-birindən ciddi şəkildə ayrıdır. Burada müsəlman, xristian və yəhudi icmaları sülh şəraitində birgə yaşayır.

Azərbaycan əhalisinin tərkibinə nəzər saldıqda görürsən ki, bu, əsl xalqlar mozaikasıdır. Əhalinin əksəriyyəti azərbaycanlı olsa da, burada etnik qruplar da çoxdur. Ölkədə ləzgilər, ruslar, ukraynalılar, gürcülər, ermənilər, talışlar, avarlar, türklər, tatarlar, saxurlar, kürdlər, tatlar, udinlər, ingiloylar, haputlar, qırğızlar, basqallar və... yəhudilər də yaşayır.

Tamah obyekti olan ölkə

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan tərkibinin müxtəlifliyinə rəğmən, əhalisinin dinc şəraitdə yaşadığı ölkədir. Onların hər biri ölkənin iqtisadi, geostrateji və mədəni inkişafında iştirak edir.

Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanı "Odlar yurdu" da adlandırırlar. Çünki orada minilliklərdir sirli şəkildə yerdən çıxan təbii od var. Aleksandr Düma "dəniz alovları"ndan danışarkən məhz bunu deyirdi.

Dünyada sənaye üsulu ilə ilk neft quyusu 1848-ci ildə, yəni ABŞ-dan 10 il əvvəl Bakı yaxınlığında qazılıb. Məhz bu, Azərbaycan tamah obyektinə çevirib. Qonşuları bu nemətdən pay qoparmaq üçün hər zaman onu parçalamaq istəyib.

Azərbaycan qadınının azad olmasında medianın rolu

XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan mətbuatının qarşısında çətin bir vəzifə var idi - qadınların ictimai həyata cəlbi. Ölkənin aparıcı ziyalıları qadınlara hüquqlarını və məsuliyyətini izah edir, eyni zamanda, ictimai düşüncəyə də təsir göstərməyə çalışırdılar. Jurnalistlər və publisistlər bildirirdilər ki, əgər qadınlar bir fərd kimi azad olmazsa, onların problemləri həll edilməyəcək.