DGK və DSX arasında işçi görüş keçirildi


Digərləri 31 İyl 2018 17:45:00 244 0

DGK və DSX arasında işçi görüş keçirildi

Dövlət Gömrük Komitəsi (DGK) və Dövlət Sərhəd Xidmətinin (DSX) nümayəndələri arasında işçi görüş keçirilib.

DGK-dan Son.az-a verilən məlumata görə, nümayəndə heyətlərinə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev və Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin rəisi, general-mayor Abbas Xəlilov rəhbərlik ediblər.

Görüşdə İ.Babayev "Gömrük-sərhəd buraxılış məntəqələrində işin daha da təkmilləşdirilməsi və sürətli keçidin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Komitə sədrinin müvafiq sərəncamı ilə yaradılmış işçi qrupu və onun fəaliyyəti barədə məlumat verib.

Diqqətə çatdırılıb ki, işçi qrupa DSX ilə birlikdə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi zamanı yaranan və gələcəkdə yarana biləcək problemlərin dərhal və operativ qaydada araşdırılaraq həll edilməsi, sərhəd-keçid məntəqələrinin fəaliyyət xüsusiyyətləri və infrastrukturu nəzərə alınmaqla gömrük orqanları və sərhəd xidməti arasında fəaliyyəti nizama salan razılaşma sənədinin hazırlanması, sərhəd-keçid məntəqələrində birgə nəzarət və səlahiyyət bölgüsü ilə bağlı qanunvericiliyə dəyişikliklər edilməsilə bağlı təkliflərin hazırlanması həvalə olunub.