Azərbaycanın qadın idmançısının evindən 70 minlik oğurluq edən şəxslərin məhkəməsi başlayır


Sosial 31 İyl 2018 16:38:00 271 0

Azərbaycanın qadın idmançısının evindən 70 minlik oğurluq edən şəxslərin məhkəməsi başlayır

Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası avqustun 6-na təyin edilib

Bakıda tanınmış qadın idmançı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə hakim Azad Məcədovun icraatına verilib.

Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası avqustun 6-na təyin edilib.

Qeyd edək ki, ötən ilin sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb.

Hadisədən bir neçə ay sonra idmançının evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi aparan Gəncə şəhər sakini Nicat İsrafilov və Nərgiz Fərəcova həbs edilib. Onları Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşları yaxalayıb.

Oğurluq edən N.İsrafilov F.Əzizovanın rəfiqəsinin sevgilisidir.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, F.Əzizova 2013-cü ildə dünya çempionatında və 2014-cü ildə Bakı şəhərində Avropa çempionatında bürünc medal qazanıb. Həmçinin 2015 Avropa Oyunlarında gümüş medal qazanıb.