Bakı-Sumqayıt yolunun bir hissəsi yenidən qurulub (FOTO/VİDEO)


Digərləri 31 İyl 2018 16:42:51 290 0

Bakı-Sumqayıt yolunun bir hissəsi yenidən qurulub (FOTO/VİDEO)

Bakı Beynəlxalq Avtovağzalı kompleksinin qarşısından Xırdalan dairəsinədək və əks istiqamətdə olan hissəsində təmir-tikinti işləri yekunlaşdırılıb.

Bakı. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci km-lik hissəsində, daha dəqiqi Bakı Beynəlxalq Avtovağzalı kompleksinin qarşısından Xırdalan dairəsinədək və əks istiqamətdə olan hissəsində təmir-tikinti işləri yekunlaşdırılıb. Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, yolun uzun müddət (2008-ci ildən) istismar olunmasına baxmayaraq təmir olunmaması, asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən üst qatının aşınmaya məruz qalması, üstəlik yol ayrıcında əyri-xətli dəmir tirlərin sökülərək yolun bu hissəsində, həmçinin kənar hissələrdə də genişləndirilməsindən sonra asfalt örtükdə yaranan deformasiyalar səbəbindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6–18-ci kilometrlik hissəsinin yenidən qurulmasına ehtiyac yaranmışdı. Bu səbəbdən də iyun ayının 27-dən etibarən sözügedən hissədə təmir işlərinə start verilmişdi. Yenidənqurma işləri çərçivəsində avtomobil tunelinin çıxışından Xırdalan dairəsinə qədər və əks istiqamətdə olan hissədə yolun aşınmaya və deformasiyaya məruz qalan asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yol əsasında əlavə kipləşdirmə işləri aparılıb və yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Ümumilikdə bu işlər 170 min kv.m-dən çox ərazini əhatə edib. Bu istiqamət üzrə hərəkət intensivliyi nəzərə alınaraq yenidənqurma işlərinin 1-ci mərhələ üzrə yekunlaşdırılması üçün əraziyə lazımi sayda texnika və canlı qüvvə cəlb olunmuşdu.