"Qiymət tənzimlənməsi xidmətin səviyyəsinin daha da yüksəlməsinə müsbət təsir göstərəcək"


Digərləri 31 İyl 2018 14:53:00 285 0

"Qiymət tənzimlənməsi xidmətin səviyyəsinin daha da yüksəlməsinə müsbət təsir göstərəcək"

Ölkəmizin əldə etdiyi uğurlar bu gün beynəlxalq reytinq agentliklərinin hesabatlarında öz əksini tapır. "Standard & Poor's" reytinq agentliyinin hesabatında qeyd olunur ki, növbəti 3 ildə iqtisadiyyatımız 3 faiz artacaq. Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutunun MDB ölkələri arasında əməkhaqqı reytinqi ilə bağlı açıqladığı rəqəmlər də ölkəmizin bu sahədəki müsbət göstəricilərindən xəbər verir. Belə ki, orta aylıq əməkhaqqı Azərbaycanda 306,7 dollar, Moldovada 308,4 dollar, Ukraynada 272,9 dollar təşkil edir. Təbii ki, bütün bunlarla yanaşı, ölkəmizdə həyata keçirilən islahatlar, görülən tədbirlər uğurlu iqtisadi siyasətin mühüm tərkib hissəsidir.

Son.az bildirir ki, bu fikirləri Trend-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Tarif Şurasının Azərbaycanda bir sıra nəqliyyat xidmətlərinin qiymətinin tənzimlənməsinə dair qəbul etdiyi qərar bu sahədə insanlara göstərilən xidmətin səviyyəsinin daha da yüksəldilməsinə öz müsbət təsirini göstərəcək: "Nəzərə almaq lazımdır ki, xarici ölkələrlə müqayisədə Azərbaycanda metro və ictimai nəqliyyatda gediş haqqının qiyməti çox aşağıdır. Son olaraq 2007-ci ildə sərnişindaşımada, 2011-ci ildə isə metroda xidmətin tarifi təsdiq edilib. Ötən bu illər ərzində isə hər iki sahədə böyük yenidənqurma işləri aparılıb, xidmətin keyfiyyəti müasir standartlar səviyyəsinə qaldırılıb".

"İki sahil" qəzetinin baş redaktoru metro və ictimai nəqliyyatda gediş haqqı ilə bağlı bəzi statistik rəqəmləri diqqətə çatdırıb: "Metro və sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manat təşkil edir. Göründüyü kimi, yeni tarif dəyişikliyindən sonra da ölkəmizdəki tariflər əksər MDB ölkələri ilə müqayisədə az olacaq".