Gediş haqlarının bahalaşmasından sonra kommunal xidmətlərin qiyməti artacaqmı?


Digərləri 31 İyl 2018 14:05:00 387 0

Gediş haqlarının bahalaşmasından sonra kommunal xidmətlərin qiyməti artacaqmı?

Tarif Şurasının verdiyi yeni qərar ilə metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, həmçinin digər şəhər və rayonlarda sərnişindaşıma xidməti, şəhərdaxili məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik təsdiq edilib.

Qeyd edək ki, yeni qərar avqustun 1-dən qüvvəyə minəcək.

Son.az xəbər verir ki, finans.az bu məsələ ilə əlaqədar iqtisadçı-ekspert Samir Əliyev, Azərişıq, Azərsu və Azəriqaz rəsmilərinin, millət vəkilləri Aydın Hüseynov və Azər Badamovun rəylərini alıb.

İqtisadçı-ekspert Samir Əliyev bu artımı 2015-ci ildə baş vermiş devalvasiyanın təsirləri kimi qiymətləndirir. Onun sözlərinə görə, həmin dövrdə bu sektorda demək olar qiymət artımı baş vermədi:

"Nəzərə alsaq ki, Azərbaycanda nəqliyyat və ya kommunal sektorun bütün avadanlıqları xaricdən gəlir, bu baxımdan bu artımı gözləmək olardı. Bundan da vacib olan xroniki bir səbəb var ki, bu da maya dəyərinin daima şişməsidir. Belə olan halda xidmətin qiyməti maya dəyərindən ucuz olur, bu barədə dəfələrlə ən yüksək səviyyədə açıqlamalar verilib. Bəs onda niyə bu maya dəyəri artır? Bu qurumların fəaliyyəti heç zaman şəffaf olmayıb və daim qapalı olub Bu baxımdan şəxsən məni maya dəyərinin şişməsi qane etmir və bu cür açıqlamaları ciddi qəbul etmirəm. Bu gün bizdə tariflər xarici ölkələrlə müqayisə edilir. Xaricdə bu sektor özəldir və orda qiymətlər tənzimlənmir, bizdə isə bu dövlətin əlindədir. Bu o deməkdir ki, dövlət bunu strateji hesab edir və bunun əhalinin sosial vəziyyətinə neqativ təsirinin olduğunu anlayır və başa düşür ki, burada qiymətlər bazar qiymətlərindən aşağı olmalıdır. Buna görə həmin qiymətlər tənzimlənir və əgər dövlət bunu öz üzərinə götürübsə onu davam etdirməlidir. Mən qətiyyən bu artımı dəstəkləmirəm ancaq istənilən halda məsələyə daha yumşaq formada yanaşılmalı idi və qiymət artımı mərhələli olmalı idi. Bu gün metro 100% kart sisteminə keçib və burda bu cür yanaşmanı asanlıqla rellaşdırmaq olardı. Yəni qiyməti birdən birə 30 qəpik yox ilkin mərhələdə 22 qəpik, beş ay sonra daha iki qəpik artırmaq və sair bu kimi davam etdirmək olardı. Təəssüf hissi ilə qeyd etməliyəm ki, bu qiymət artımı tək nəqliyyat sektoru ilə məhdudlaşmayacaq və ilin sonuna kimi və ya gələn ilin əvvəllərində yanacaq və kommunal xidmətlərin qiymətinin artımını gözləmək olar".

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev sözügedən sayta verdiyi açıqlamada bildirib ki, yaxın zamanda bu cür artımın bizdə də olub olmayacağı hələ bilinmir.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev:

"Biz də icra edən qurumuq, dövlət, tarif şurası, Milli Məclis hansı qanunu versə, o qanun da icra olunacaq".