Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Dilim varsa, mən varam” mövzusunda tədbir keçirilib (FOTO)


Digərləri 31 İyl 2018 13:11:00 309 0

Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Dilim varsa, mən varam” mövzusunda tədbir keçirilib (FOTO)

1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Dilim varsa, mən varam” mövzusunda tədbir keçirilib.

Bakı. Elçin Mehdiyev - 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Dilim varsa, mən varam” mövzusunda tədbir keçirilib. Trend-in məlumatına görə, tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyi, AMEA-nın nümayəndələri, KİV-in rəhbər şəxsləri, jurnalistlər, eləcə də gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Fondun icraçı direktoru Mehman İsmayılov mövzunun əhəmiyyətindən danışıb. M.İsmayılov vurğulayıb ki, tədbirin keçirilməsində məqsəd milli-mənəvi dəyərlərimizin əsas dayaqlarından biri olan dilimizin saflığının qorunması, qloballaşma nəticəsində dilimizin qarşılaşdığı problemlərin təhlili, müasir dünya dilləri arasında dilimizin yeri, inkişaf mərhələləri və bu kimi mövzuların müzakirəsini aparmaq, mütəxəssislərin məruzələrini dinləməkdir. O qeyd edib ki, Fond Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində tədbirlər həyata keçirir, həmçinin dilçi mütəxəssislərin məruzəsindən ibarət kitab nəşr etdirməyi nəzərdə tutur. Daha sonra çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü, Səs Media Qrupun rəhbəri Bəhruz Quliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirib, bütün sahələrdə olduğu kimi dilimizin inkişafında da müstəsna xidmətlər göstərib. B.Quliyev Ümummilli Liderin 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü ilə bağlı imzaladığı sərəncamını bunun bariz nümunəsi adlandırıb. B.Quliyev vurğulayıb ki, dil bütün dövrlərdə aktualdır, dilin yaşaması, gələcək nəsillərə olduğu kimi ötürülməsi istiqamətində görülən işlər daim aktualdır: “Hər bir xalqın dili onun milli kimliyidir və biz dilimizin yaşaması üçün üzərimizə düşən vəzifəsini yerinə yetirməliyik. Azərbaycan dilinin tarixi Səfəvilər dövrünə gedib çıxır. Dilimiz, mənəvi dəyərlərimiz daim dövlətin diqqət mərkəzindədir. Dilimizin müxtəlif dövrlərdə dövlət dili olması istiqamətində mübarizə aparılıb və nəhayət ulu öndər Heydər Əliyevin əməyi sayəsində Sovet dövründə buna nail olundu və Azərbaycan dili dövlət dili kimi istifadə olunmağa başladı. Prezident İlham Əliyev dilin qorunması və inkişafı ilə bağlı dövlət proqramlarını təsdiq edib. Mənəvi Dəyərlərin Təbliği Fondu dilimizin qorunması və inkişafı istiqamətində silsilə tədbirlər həyata keçirəcək”.