İmtahanda 700 bal toplayanlar kimlərdir?


Digərləri 31 İyl 2018 13:01:18 486 0

İmtahanda 700 bal toplayanlar kimlərdir?

Bakıdakı ümumtəhsil müəssisələrinin 10 məzunu 2018-2019-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarında I, III və IV ixtisas qrupları üzrə ən yüksək nəticə göstərib.

Son.az xəbər verir ki, III ixtisas qrupu üzrə 45 nömrəli tam orta məktəbin məzunu Elvin Kərimli, 89 nömrəli tam orta məktəbin məzunu Şayxanım Həsənova, 214 nömrəli tam orta məktəbin məzunu Leyli Əhmədova və Texniki-Humanitar Liseyin məzunu Zeynəb Quluzadə, I ixtisas qrupu üzrə 297 nömrəli məktəbin məzunu Anar Abıyev, 169 nömrəli tam orta məktəbin məzunu Aslan Aşirov, 58 nömrəli tam orta məktəbin məzunu Sona Mehdizadə, 109 nömrəli tam orta məktəbin məzunu Azər Zeynallı, IV ixtisas qrupu üzrə 192 nömrəli tam orta məktəbin məzunu Anar Kərimxanov, 29 nömrəli tam orta məktəbin məzunu Nərmin Balakişiyeva bütün test suallarına düzgün cavab verərək, 700 bal toplayıblar.

Qeyd edək ki, Elvin Kərimli 2017-2018-ci tədris ilində Respublika Fənn Olimpiadalarında tarix fənni üzrə bürünc medalın sahibi olub. Həmçinin, "Nə? Harada? Nə zaman?" və "Əlaçı" intellektual bilik yarışmalarının qalibidir.

Şayxanım Həsənova məktəbdə əlaçı və fəal şagirdlərdən olub. İstedadı və təfəkkürü, sərbəst fikir yürütmək qabiliyyəti, nümunəvi davranışı ilə  seçilib.

Leyli Əhmədova  2016-2017-ci ildə Respublika Fənn Olimpiadalarında tarix fənni üzrə qızıl medalın sahibi olub. Onu da qeyd edək ki, Leylinin qardaşı İbrahim Əhmədov da 2015-ci ildə ali məktəbə qəbul imtahanlarında 700 bal toplayıb.

Zeynəb Quluzadə  2016-2017-ci ildə Respublika Fənn Olimpiadalarında Azərbaycan dili və ədəbiyyatı fənni üzrə bürünc medal, 2017-2018-ci tədris ilində isə eyni fənn üzrə qızıl medal qazanıb.

Qeyd edək ki, Zeynəb təkcə təhsildə deyil, eyni zamanda incəsənət sahəsində də böyük nailiyyətlər əldə edib. Belə ki, vokal üzrə 2017-ci ildə Müslüm Maqomayevin 75 illik yubileyinə həsr olunmuş "Müslüm Maqomayev gənclərin ifasında" adlı müsabiqədə II, 2018-ci ildə isə Respublika Gənclər Fondu tərəfindən təşkil olunan incəsənət olimpiadasında I yeri tutub.

Anar Abıyev ümumi orta və tam orta təhsilini fərqlənmə attestatı ilə başa vurub. Nümunəvi davranışı və tədris nailiyyətləri ilə fərqlənib.


Xəbərə aid fotolar