“Köynəyimə BANMda “Tələbə” yazılmış bayrağı sancan oğlan rəsmi çəkdirmişdim”


Digərləri 31 İyl 2018 12:32:00 317 0

“Köynəyimə BANMda “Tələbə” yazılmış bayrağı sancan oğlan rəsmi çəkdirmişdim”

5 il öncə 690 balla Bakı Ali Neft Məktəbinin (BANM) "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasına daxil olmuş, Prezident təqaüdünə layiq görülmüş, məzun olan kimi isə Almaniyanın Münxen Texniki Universitetinə təqaüd almış Məmməd Cəbrayılov müsahibə verib.

Son.az həmin müsahibəni təqdim edir:

- Məmməd, bu il BANM-ı bitirib məzun oldunuz. BANM-ın məzunu olmaq sizin üçün nə deməkdir?

- BANM-ın məzunu olmaq mənimçün bundan sonrakı məqsədlərimə böyük bir təkan deməkdir. Bir neçə il sonra, BANM məzunu təkcə ölkəmizdə yox, dünya səviyyəsində brend olacaq və biz bu adı qazanmış ilklərdən olacağıq. İnanıram ki, bizim yaşadığımız bu fəxr hissi BANM-ın uğurları kimi ildən-ilə artacaq. Deyərdim ki, BANM məzunu olmaq təkcə mənimçün yox, digər məzun yoldaşlarım üçün də Azərbaycandakı və digər ölkələrdəki beynəlxalq şirkətlərə, universitetlərə yaşıl işıq deməkdir.

- Almaniyanın Münxen Texniki Universitetinə təqaüd almısız. Akademik və digər uğurlarınızda kimin və ya nəyin rolu vardır?

Bəli, Münxen Texniki Universitetinə Almaniyanın dövlət təqaüdü olan DAAD təqaüdü (Alman Akademik Mübadilə Programı) ilə qəbul olmuşam. Bu uğurumun üzərində artıq bir ildən çoxdur ki, dayanmadan çalışır və çox arzulayırdım. Düşünürəm ki, məqsədə çatmaq üçün birincisi, məqsədin üçün ən doğru olan addımları seçib onları həyata keçirməlisən, ikincisi isə onu hamıdan çox arzulamalısan. Bu iki amil bir-biri ilə sıx bağlıdır, biri olmadan o biri mənasız qalır. Hər ikisini ürəkdən etdikdə həyat özü səni məqsədlərinə çatdırır. Lakin uğurun arxasında həmçinin universitetin, ailən, dostarın durur. Onların verdiyi motivasiya və özgüvən olmasa bəlkə də uğurlar elə arzu olaraq qalardılar. Məsələn, Bakı Ali Neft Məktəbi dəstəkdən əlavə mənə bilik və bacarıqlar verdi ki, mən DAAD təqaüdü üçün digər müraciətçilər içərisindən seçilməyi bacardım. Mənim uğurumlarımda yanımda olan hər kəsə minnətdarlığımı bildirirəm.

- 5 il bundan öncə BANM-ı nə üçün üstün tutub seçmişdiz?

Bu sualı eşirdərkən 5 il öncə məzun günündə geyindiyim köynəyim yadıma düşdü. Köynəyimin arxasında BANM-ın qarşısına "Tələbə" yazılmış bayrağı sancan oğlan rəsmi çəkdirmişdim. Demək istədiyim odur ki, BANM mənim həyatımda seçim olmamışdı. Mən o ali məktəbi arzulamışdım və orada tələbə adını qazanmaq üçün əlimdən gələni etmişdim. "Niyə BANM?" sualının cavabı çox uzun olardı. Qısaca deyə bilərəm ki, bu universitet mənim istədiyim hər şeyi öz tələbələrinə verirdi. Mən həm də kim olmaq istədiyimi bilirdim və BANM biliyi, dostları, beynəlxalq mühiti və hələ xəbərsiz olduğumuz bir sürü imkanları qazana biləcəyim yeganə təhsil müəssəsi idi və indi də elədir.

- Hədəflərinizi necə müəyyən edirsiz?

- Bilirsiz, mən heç vaxt həyatımda uzun müddətli hədəflər qoymamışam. Həyatın gedişatından başa düşürəm ki, hədəflər onlara çata biləcəyim vaxt yaxınlaşdıqca özlərini büruzə verməyə başlayırlar və mən də bu siqnallara dərhal reaksiya verirəm. Qarşıma çıxan imkanlar və insanlar həmişə doğru zaman və lazımi yerdə çıxırlar. Mənsə onları dəyərləndirməyə çalışıram.

- Almaniyada magistraturanı bitirdikdən sonra vətənə qayıdacaqsız, yoxsa həyatınızı və karyeranızı Azərbaycandan kənarda planlayırsız?