Azərbaycanda 2 şirkət rəhbəri həbs olundu


Digərləri 31 İyl 2018 11:33:00 259 0

Azərbaycanda 2 şirkət rəhbəri həbs olundu

Bank təşkilatlarından aldıqları kreditləri təyinatı üzrə istifadə etməyən şirkət rəhbərlərinin qanunsuz əməlləri barədə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb.

Bakı. Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində görülən işlərdən biri kimi iqtisadiyyatın bütün sahələrində sahibkarlıq subyektlərinin formalaşmasına dövlət səviyyəsində geniş imkanların yaradılması, habelə bu istiqamətdə qanunvericilik aktlarının qəbul edilməsi və uzunmüddətli dövlət layihələrinin uğurla həyata keçirilməsi bu sahənin prioritet məsələlər sırasına qaldırılmasının bariz nümunəsidir. Bununla belə, bəzi sahibkarlıq subyektləri tərəfindən sahibkarlığın inkişafı və biznes mühitinin yaxşılaşdırılması üçün yaradılmış münbit şəraitdən sui-istifadə hallarına da rast gəlinir ki, bu cür qanunazidd hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir. Belə ki, bank təşkilatlarından aldıqları kreditləri təyinatı üzrə istifadə etməyən şirkət rəhbərlərinin qanunsuz əməlləri barədə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, aparılmış istintaqla “Göyçay-Konyak zavodu” ASC-nin İdarə Heyətinin sədri Vaqif Məmmədovun aldığı kreditlərə görə ödənilməmiş borcları olduğu halda, həmin borcları ödəmək qabiliyyətində olmamasına baxmayaraq, 2013-cü ildən direktoru olduğu “Nicat” firmasının götürdüyü kreditlərin ödənilməsi üçün kifayət qədər əsas və dövriyyə vəsaitlərinə malik olması barədə “Texnika bank” ASC-yə təqdim etdiyi kredit sifarişinə bilə-bilə yalan məlumatlar daxil edib bankdan dövriyyə vəsaitinin genişləndirilməsi məqsədilə 150 min manat məbləğində kredit alaraq həmin vəsaitin təyinatı üzrə istifadə edilməsini və ödənilməsini təmin etməyərək şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib.