“Uşaq Qaynar Xətt Xidməti”nin uşaqlara psixoloji və mənəvi dəstəyi davam edir


Digərləri 30 İyl 2018 19:51:00 373 0

“Uşaq Qaynar Xətt Xidməti”nin uşaqlara psixoloji və mənəvi dəstəyi davam edir

“Səninlə kobud rəftar edirlər? Narahatsan? Qorxursan? Onda problemini bizimlə bölüş!”

Bakı. “Səninlə kobud rəftar edirlər? Narahatsan? Qorxursan? Onda problemini bizimlə bölüş!” Bu çağırış “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” tərəfindən bütün uşaqlara ünvanlanıb. “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” “Azercell Telekom” MMC-nin dəstəyi ilə fəaliyyətə başladığı ilk gündən minlərlə uşağa psixoloji və mənəvi dəstək göstərib. “Azercell Telekom” MMC-dən Trend-ə verilən məlumata görə, xidmət artıq ölkəmizdə uşaqlar tərəfindən kifayət qədər etibar qazanıb. Məhz buna görədir ki, “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nə müraciət edən uşaqların sayı hər keçən gün artmaqdadır. Xidmət göstərdiyi 8 il ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə müxtəlif problemlərlə bağlı ölkənin bir çox şəhər və rayonlarından uşaqlar və gənclər, habelə valideynlər tərəfindən 32 000-dən artıq zəng daxil olub. Tək bu ilin ilk 6 ayı ərzində “Uşaq Qaynar Xətti”nə 1379 müraciət daxil olub. Bu zənglərdən 269-u psixoloji, 259-u hüquqi, 58-i səhiyyə, 65-i sosial, 650-si təhsil, 78-i digər problemlərlə bağlı olub. Daxil olan müraciətlərin 914-ü 18 yaşdan yuxarı, 465-i isə 18 yaşdan aşağı olan şəxslər tərəfindən edilib. 570 müraciət şəhərdaxili nömrədən, 792-si mobil nömrədən, 17-si ilə sms və Facebook səhifəsi vasitasilə daxil olub. “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nə ölkəmizdən kənarda yaşayan uşaqlar da müraciət edir ki, daxil olan zənglərin 65-i ölkə xaricindən qeydə alınıb.