Prokurorluq əməkdaşları vətəndaşları narahat edən məsələlərin həllinə həssaslıqla yanaşır FOTO


Digərləri 30 İyl 2018 17:26:00 328 0

Prokurorluq əməkdaşları vətəndaşları narahat edən məsələlərin həllinə həssaslıqla yanaşır  FOTO

İyulun 30-da Azərbaycan Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2018-ci ilin birinci yarımilində "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, müşavirədə məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov xüsusi vurğulayıb ki, aprelin 11-də ölkəmizdə keçirilmiş azad, ədalətli və şəffaf prezident seçkiləri zamanı xalqımızın son illərdə görülən işlərə yüksək dəyər verməklə həyata keçirilən strateji inkişaf xəttinə, dövlət siyasətinin davamlılığına, təhlükəsizliyə, sabitliyə, əmin-amanlığa səs verərək cənab İlham Əliyevə yenidən etimad göstərməsi Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu, strateji inkişaf konsepsiyasını uğurla həyata keçirən dövlət başçısına şəksiz inam və etibarın məntiqi nəticəsidir.

Ölkəmizdə aparılan iqtisadi islahatların uğurlu nəticələri kimi 2018-ci ilin birinci yarısında "Cənub Qaz Dəhlizi"nin rəsmi açılışı, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi, TANAP-ın açılışı, eləcə də Bakıda təntənəli hərbi paradın keçirilməsi, aprel döyüşlərindən sonra ordumuzun öz hərbi gücünü və qətiyyətini real şəkildə nümayiş etdirməsi nəticəsində Naxçıvanın Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin işğaldan azad edilməsi, müasir standartlara cavab verən böyük təşkilatçılıq səviyyəsində "Formula - 1 Avropa Qran-Pri" yarışlarının və digər mötəbər tədbirlərin keçirilməsi müstəqil Azərbaycan Respublikasının son 15 ildəki inkişaf göstəriciləri olmaqla, dövlət başçısı tərəfindən verilən bütün vədlərin uğurla yerinə yetirildiyini bir daha təsdiq edib.

Bildirilib ki, 2018-ci ilin birinci yarısında ölkə həyatının bütün sahələrində dinamik inkişaf yüksək templərlə davam edib, hüquqi islahatlar, böyük infrastruktur layihələri və sosial yönümlü proqramlar uğurla həyata keçirilib, vətənimizin iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsi, bütövlükdə Azərbaycanın və hər bir regionun hərtərəfli inkişafına, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsinə istiqamətləndirilmiş dövlətçilik siyasəti öz müsbət nəticələrini verib. Davos Dünya İqtisadi Forumunun son hesabatına görə, Azərbaycan dünya miqyasında inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə 3-cü, xalqın iqtidara dəstəyinə görə dünya miqyasında 20-ci, ümumi infrastrukturun inkişafına görə dünya miqyasında 26-cı, rəqabətqabiliyyətliliyinə görə 35-ci, yol infrastrukturunun inkişafına görə 36-cı yerdə olması müstəqil Azərbaycan Respublikasının son 15 ildəki inkişaf göstəricisidir və əldə edilən nailiyyətlərin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən müasir məzmunlu daxili və xarici siyasət tədbirləri təşkil edib.

Azərbaycan Respublikası prokurorluğu orqanları öz səlahiyyət hədləri daxilində digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə respublikamızın ayrı-ayrı bölgələrində, eləcə də Bakı şəhərində baş tutan və ölkəmizin ictimai-siyasi həyatında müstəsna əhəmiyyət kəsb edən bu tədbirlərin normal şəraitdə keçirilməsinin əsas şərtləri kimi ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması üzrə öz vəzifələrinin lazımi qaydada həyata keçirilməsini təmin edib.

Qeyd edilib ki, hesabat dövründə Azərbaycan Respublikası Prokurorluğu tərəfindən digər hüquq mühafizə orqanları, ilk növbədə daxili işlər, ədliyyə və məhkəmə orqanları ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, dövlət müstəqilliyinin, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub, prokurorluq orqanlarında hərtərəfli islahatlar prosesi yeni müstəvidə davam etdirilib, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.

Bildirilib ki, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya cinayətlərinə qarşı mübarizənin tam yeni müstəviyə qaldırılması prokurorluq orqanlarının qarşısında duran ən əsas vəzifələrdəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradə, əzm və qətiyyəti hesabına reallaşdırılan dövlətçilik siyasətinin məntiqi nəticəsi olaraq ötən dövrlərdə olduğu kimi, 2018-ci ilin birinci yarısında da Azərbaycan Respublikasında korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri uğurla davam etdirilib.

Bildirilib ki, "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı" korrupsiyaya qarşı mübarizə sahəsində güclü siyasi iradənin göstəricisi olaraq, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, hüquqi və institusional islahatların davam etdirilməsi, əlaqəli dövlər orqanları ilə birlikdə korrupsiya şəbəkələrinin aşkar edilməsi istiqamətində prokurorluq orqanları qarşısında çox mühüm vəzifələr qoyub. Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən mühüm qabaqlayıcı institusional tədbirlər çərçivəsində "ASAN xidmət" mərkəzlərinin fəaliyyətinin genişləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Korrupsiya hallarına qarşı mübarizə işinin düzgün təşkilində 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinin əhəmiyyəti qeyd olunub. Baş idarə tərəfindən ölkə vətəndaşlarını ciddi narahat edən korrupsiya cinayətlərinin və hüquqpozmalarının yayıldığı idarəçilik və xidmət sahələrinin aşkar edilməsi, təqsirli şəxslərin ifşa edilməsi, korrupsiya hüquqpozmalarından əziyyət çəkən vətəndaşların hüquqlarının bərpa edilməsi məqsədilə vətəndaşlardan "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş bir sıra müraciətlər üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Belə ki, mərkəzə hesabat dövründə 1970 müraciət daxil olmuş, həmin müraciətlərin 16-sı üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Bildirilib ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyi nəzərə alınaraq hesabat dövründə bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə önəm verilib.


Xəbərə aid fotolar