"Bəzi dairələr və vətən xainləri din pərdəsi altında Azərbaycanı zəiflətməyə çalışırlar"


Siyasət 30 İyl 2018 17:07:00 265 0

"Bəzi dairələr və vətən xainləri din pərdəsi altında Azərbaycanı zəiflətməyə çalışırlar"

"Bəzi qüvvələr sosial şəbəkələrdə dini pərdə altında açıq şəkildə anti-Azərbaycan təbliğatı aparır, ölkəmizdə dini və milli azadlıqların pozulduğu, dindarların sıxışdırıldığı və hətta Azərbaycan hökumətinin guya Qarabağı azad etməkdə maraqlı olmadığına dair irəli sürdüyü iddialar cəfəngiyyatdan başqa bir şey deyil".

Bu barədə Son.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, siyasi analitik Elçin Mirzəbəyli bildirib.

Onun sözlərinə görə, bəzi xarici dairələr və onların din pərdəsi arxasında gizlətdiyi vətən xainləri Azərbaycanı zəiflətməyə çalışırlar: "Onlar nəyin bahasına olursa-olsun Azərbaycan xalqının və dövlətinin iradəsini qırmağa, vətəndaşlarımız arasına nifaq toxumu səpməyə çalışırlar. Bu prosesin vahid mərkəzdən idarə olunduğuna qətiyyən şübhə yoxdur və prosesin arxasında dayanan xüsusi xidmət orqanlarının, işğalçı Ermənistanı himayə edən, Azərbaycan torpaqlarının qəsb edilməsi zamanı Ermənistan üçün "həyat yolu" missiyasını yerinə yetirən, regionu münaqişələr, qarşıdurmalar yolu ilə nəzarətdə saxlamağa çalışan dairələrin də ünvanı hər kəsə bəllidir.

Sirr deyil ki, bəzi qüvvələr ayrı-ayrı Azərbaycan vətəndaşlarını qanunsuz yollarla əməkdaşlığa cəlb edir, onları qeyri-qanuni hərbi birləşmələrin, terror qruplarının təlim mərkəzlərinə göndərir və ölkəmizə qarşı müxtəlif cinayət əməllərində istifadə etməyə çalışırlar. Maraqlıdır ki, Azərbaycana qarşı həyata keçirilən bu təxribatlarda bir-birinə tamamilə zidd ideoloji müstəvidə formalaşan teokratik və sekulyar rejimlərin təmsilçiləri vahid mövqedən çıxış edir, yayındırıcı manevrlərlə diqqəti hücumların real məqsədindən yayındırmağa çalışırlar".

Analitik qeyd edib ki, diqqəti cəlb edən məqamlardan biri də odur ki, öz sərhədlərindən kənarda terrora, dinin radikallaşmasına və siyasi məqsədlər üçün istifadə edilməsinə qarşı çıxdığını iddia edən bəzi subyektlər öz sərhədləri daxilində başqa bir ölkəyə, indiki halda Azərbaycana qarşı təşkil edilən terror və separatizm ssenarilərini yazır və icrasını sifariş verirlər: "Öz ərazisində baş qaldıran separatizm və terrorizm dalğasına, din pərdəsi arxasında daldalanan radikal qruplara qarşı tanklarla, raketlərlə mübarizə aparan, bütöv kəndləri, şəhərləri bombalayan dövlətlər başqa ölkəyə qarşı oxşar təxribatları həyata keçirən qrupları himayə edir, onlara hər cür imkanlar yaradır, şəbəkələşmələrinə, informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə etmələrinə hərtərəfli şərait yaradırlar. Bütün bunlar sübut edir ki, təxribatçıların istifadə etdikləri "din", "Qarabağ məsələsi", "sosial problemlər" və s. tezislər onlara haqqında danışdığım subyektlərin müvafiq strukturları tərəfindən ötürülüb və Azərbaycana qarşı həyata keçirilən təzyiq kampaniyasının tərkib hissəsidir".

E.Mirzəbəyli əlavə edib ki, əslində "Azərbaycan hökuməti Qarabağı azad etməkdə maraqlı deyil" iddiasını ortaya atanların niyyəti ölkəni qarşıdurmaya aparmaq, gücdən salmaq və təslimçi sülhə sövq etməkdir: "Bunun üçün onlara Azərbaycanda özlərinin idarə etdiyi, hətta forpostdan da aşağı statusa malik oyuncaq dövlət və marionet idarəçilər lazımdır. Onlar Azərbaycanın maraqlarını müdafiə edən, silahlı qüvvələri gücləndirən, ordunu dünyanın müxtəlif ölkələrində istehsal edilən ən müasir silah-sursat, hərbi texnika ilə təchiz edən, ölkənin beynəlxalq əlaqələrini genişləndirən, nüfuzunu artırmaq üçün çalışan, dövlətinin maraqlarını və qürurunu qoruyan dövlət başçısını özlərinə ən böyük təhlükə görürlər".

Ekspertiin fikrincə, bu gün Azərbaycanda dini və milli azadlıqların pozulmasından, hər hansı formada məhdudlaşdırılmasından söhbət belə gedə bilməz: "Azərbaycanda vicdan azadlığına olan münasibət göz önündədir. Bu istiqamətdə yürüdülən siyasət dövlətin prioritet istiqamətlərindən biridir. Tolerantlıq Azərbaycan xalqının mədəniyyətinin mahiyyətini, dünyagörüşünün fəlsəfi təməlini əks etdirir. Qarabağı Azərbaycandan qoparmağa çalışan dairələr isə bunun əksini, ermənilərlə azərbaycanlıların birgəyaşayışının mümkün olmadığını sübut etməyə çalışırlar. Azərbaycanda dini müstəvidə nifaq toxumu səpilməsinə cəhdlər də buradan qaynaqlanır. Əleyhdarlarımız müxtəlif vasitələrlə ölkəmizdə qarşıdurma, barışmazlıq mühiti yaratmaq istəyirlər ki, bundan sonra da ermənilərin Azərbaycanda yaşamasının mümkün olmadığını bütün dünyaya körükləyə bilsinlər.

Bu təxribatların detalları arasında Azərbaycanı dünyadan təcrid etmək, bir, yaxud ortaq mövqedən çıxış edən bir neçə subyektin təsiri altında saxlamaq, ölkəmizin uğurlu enerji siyasətinin qarşısını almaq, dövlətimizin dünyaya açılışını, inkişafını əngəlləmək, asılı vəziyyətə salmaq niyyəti də var. Şübhəsiz, bütün bu amillər sübuta yetirir ki, hədəfdə Azərbaycan dövləti, xalqı və övladlarımızın gələcəyidir. Bütün bu təhdidlər sabitliyimizə, təhlükəsizliyimizə, azad və firavan yaşamaq iradəmizə qarşı yönəlib. Bu təhdidlərə qarşı bu günə qədər olduğu kimi, yenə də dövlət və xalq olaraq birlikdə mübarizə aparmalıyıq".

İlkin İzzət