Real Madrid səs-küylü transferlər etməkdən əl çəkir?


İdman 30 İyl 2018 16:12:00 391 0

Real Madrid səs-küylü transferlər etməkdən əl çəkir?

Real Madrid son olaraq ukraynalı qapıçı Andrey Luninin transferini rəsmiləşdirdi. Goal.az xəbər verir ki, klub prezidenti Florentino Perez təqdimat mərasiminə bu sözlərlə başladı.

"Biz mütəmadi olaraq indiyə və gələcəyə yeni təməllər atırıq. Böyük klubumuza gənc və istedadlı futbolçular gətirmək istəyirik. Onlar bir neçə ildən sonra parlayacaq. Bu futbolçular hər gün səylə çalışır, maksimum güc nümayiş etdirməyə can atırlar. Son illərdə çoxsaylı titullar qazanandan sonra bu strategiyanı seçmişik. Bizi gözləyən sınaqların nə qədər çətin olacağı fərq etmir. Real-ın gerbini sinəsində daşıyan heç kim zirvə aparan yolda çətinliklərə təslim olmur".

Perez aydın formada işarə etdi ki, Real artıq transfer bazarında əsib-çoşmayacaq və istedadlı gəncləri almağa üstünlük verəcək. Sözsüz ki, Madrid klubu ulduz futbolçu transferini tamamilə plandan çıxarmayacaq. Sadəcə olaraq, əvvəlki kimi astronomik pullar xərclənməsi tez-tez qeydə alınmayacaq. İspaniya idman mediası da buna birmənalı reaksiya vermədi. "Marca" Ronaldo misalını xatırladaraq Perezin artıq komandanı bir futbolçu üzərində qurmaq istəmədiyini qabartdı. "As" nəşri isə "Qalaktikosun sonu?" başlığı ilə baş verənləri ümumiləşdirdi.

Əslində Real-ın "bədxərclik strategiyasından" əl çəkməsi 3 ildir ki, müşahidə olunur. 2014-cü ilin yayında Xames Rodriqez 75 milyon avroya Monaco-dan transfer olunmuşdu. Həmin vaxtdan ən sanballı məbləğ (45 mln) 2017-ci ilin qışında gənc Vinisius Juniora görə ödənilib. Kovaçiç və Danilonun keçidi isə 31 milyon avrodan aşağı qiymətə həll olunmuşdu.

Bu yay Real 22 yaşlı Alvaro Odriosola (30 milyon avro) və Lunini heyətinə cəlb edib. Klub Neymar və Mbappe ilə maraqlanmadığını açıqlayıb. Eden Hazard və Tibo Kurtua üçün isə Chelsea-yə rəsmi təklif göndərilməyib. Hərçənd ki, Kurtuanın transferi də 40 milyon avrodan yuxarı pul tutmayacaq.

2014/15 mövsümündən Real futbolçu satışına 426. 85, alınmasına isə 371.25 milyon avro sərf edib. "El Mundo Deportivo"nun araşdırmasına görə Avropanın 222 klubu müsbət saldo baxmdan Real-dan geri qalır. Əzəli rəqib Barcelona-da bu nisbət mənfi 349 milyon avro təşkil edir.

Perezin transferlərdə "əlini qısması" maliyyə sıxıntıları ilə əlaqəli deyil. 2018-ci ilin fevralında "Forbes" jurnalı İspaniyanın ən zəngin idarəçilərinin siyahısını dərc etmişdi. Florentino 50 nəfərin arasında birinci idi. Onun hesablarında ümumilikdə 1.6 milyard avro pul var. Real-ın maliyyə durumu da stabildir. Klub sentyabrda"Emirates"lə anlaşmasını daha 4 il yenilədi. Bu əməkdaşlıqdan onların gəliri 280 milyon avro olacaq. "Adidas"la anlaşma 2031-ci ilə kimi yeniləndi. Hər il bu firma Real-a 150 milyon avro dəyərində idman malları təqdim edəcək. Martda isə Perez 325 milyon abonentə xidmət edən "Telefonica" ilə 2 illik müqavilə imzalandığını elan etmişdi.

2000-ci ildə Perez Real-ı "ulduzlar toplusu" etməyi qarşısına məqsəd qoymuşdu. Səs-küylü transfer bombaları bir-birinin ardınca partlayırdı. Fiqo, Zidan, Ronaldo, Roberto Karlos....2003-06-cı illərdə Real titulsuz qaldığına görə Florentino məsuliyyəti ö üzərinə götürərək istefa verdi. Sonrakı 3 ildə klubun başına keçən Ramon Kalderon azarkeşlərə Ronaldo, Fabreqas, Kakanı "Santiago Bernabeu"ya gətirməyə söz vermişdi. Bunların əvəzinə Robben, Van der Vaart və Uesli Sneyder Madridə gəldi. 2009-cu ildə taxtını geri qaytaran Perez dərhal 160 milyon avro ödəməklə Ronaldo və Kakanın transferinə nail oldu. 2013-cü ildə isə 101 milyon avro qarşılığında Beyl Tottenham-dən transfer edildi.

Nəhayət, 2018-ci ilin mayında Florentino Perez dərindən nəfəs aldı. O, artıq müdrik və uzaqgörən rəhbər olduğunu sübut etmişdi. Real-ın ardıcıl 3 dəfə Çempionlar Liqası inhisarı buna etiraz edənləri susdurmağa qadirdir. Eskpertlərin qənaətinə görə, Perez bir addım geri atır ki, sonra 2 addım irəli getsin. Bir sözlə, bu şəxs nə etdiyini yaxşı bilir....