Maradonanın yeni həyat yoldaşı - vaxtilə oğurluq üstündə həbsxanaya saldırdığı qadın


İdman 30 İyl 2018 13:30:00 329 0

Maradonanın yeni həyat yoldaşı - vaxtilə oğurluq üstündə həbsxanaya saldırdığı qadın

Xəbər verdiyimiz kimi, futbolun canlı əfsanəsi Diyeqo Armando Maradona növbəti dəfə ailə həyatı qurmağa hazırlaşır. O, 50 nəfərin iştirak etdiyi ad günü mərasimində sevgilisi Rosio Oliveyə evlilik təklifi etdi. Yeri gəlmişkən, həmin mərasim də məhz Olivenin şərəfinə keçirilirdi, onun 28 yaşı tamam olurdu. Goal.az Maradonanın həyatında olan digər nikahları diqqətə çatdırır. Rəsmi nikahlardan başlayaq. Hələlik, Diyeqonun 57 illik ömründə 1 dəfə belə hadisə qeydə alınıb. 1989-cu ildə məşhur futbolçu ilə Klaudia Vilyafanyenin təmtəraqlı toyu indi də xatırlanır. Klaudianı, həm də Maradonanən ən uzunmüddətli sevgisi hesab etmək olar. 1977-ci ildə Buenos-Ayresdəki gecə klublarından birində tanış olan cütlük 26 il ayrılmamışdı. 1987-ci ildə onların Dalma, 1989-cu ildə isə Cannina adlı qızları dünyaya gəlmişdi. Maradonanın toyunda Napoli-dən komanda yoldaşları, Argentina Futbol Assosasiyasına həmin vaxt rəhbərlik edən Xulio Qrondona, millini dünya çempionu edən Karlos Bilardı, Milan-ın prezidenti Silvio Berluskoni iştirak edirdi. Diyeqo Kubanın lideri Fidel Kastroya da dəvət göndərmişdi. Amma o, müəyyən səsəblərdən mərasimə gəlməmişdi.

Bu nikah 14 il davam etdi. Klaudia Maradonanı narkoti aludəçisinə çevrildiyi vaxtlarda belə tək qoymamışdı. 2000-ci ildə sabiq futbolçu Uruqvayda ölümdən döndü, onu güclə xəstəxanaya çatdırdılar. Bundan 3 il sonra Klaudia boşanma ərizəsini yazmalı oldu.

Kristina Sinaqranı argentinalı futbol əfsanəsinin "cavanlıq səhvlər"indən biri adlandırmaq olar. Çünki Neapolda yaşadığı vaxt Sinaqra ilə görüşən Maradona həmin vaxt Klaudia ilə ciddi münasibətdə idi. İtalyan qadının 1986-cı ildə dünyaya gətirdiyi oğlanı isə Diyeqo uzun müddət qəbul etmirdi. Nəhayət, 2016-cı ildə "daşı ətəyindən tökən" Maradona oğlunu çox sevdiyini mediaya açıqlamışdı.

2012-ci ildə argentinalı müğənni Lusiya Qalan 30 il öncə eks futbolçu ilə sevgi yaşadığını etiraf etdi. O zaman 21 yaşında olan Qalan münasibətlərin uzun sürmədiyini bildirsə də, həqiqətən, Maradonanı sevdiyini dilə gətirmişdi.

Maradonanın nikahdan kənar digər övladı 2013-cü ildə dünyaya gəlmişdi. 2005-ci ildən Veronika Oxeda ilə görüşən sabiq dünya çempionu onu 5 aylıq hamilə olarkən tərk etməyi qərara almışdı. Yeri gəlmişkən, bu ayrılığa səbəb Maradonanın bir neçə gün öncə evlilik təklifi etdiyi Rosio Olivedir.... Onlar ilk dəfə 2010-cu ildə görüşmüşdü. Sevgi münasibətləri bundan 3 il sonra ortaya çıxmışdı. Maraqlıdır ki, 2014-cü ildə Olive Maradonanı zorakılıqda ittiham etmişdi. Əvəzində Diyeqo sevgilisinin onu qarət etməsi, 400 min avro dəyərində əşyalarını oğurlaması barədə polisə baş vurmuşdu. Bu səbəbdən 24 yaşlı qız 15 saat həbsxanada qalmalı olmuşdu. Bir-biri ilə küsüşüb barışan bu qeyri-stabil cütlüyün harda toy edəcəyi hələ məlum deyil. Maradona və Rosio arasında 30 il fərq var. Argentinalı əfsanənin birinci nikahından olan hər iki qızı Dalma və Cannina Rosiodan yaşca böyükdür.