“Xeyli borcum var idi, həbs olunmaq istəyirdim”


Digərləri 29 İyl 2018 18:20:00 242 0

“Xeyli borcum var idi, həbs olunmaq istəyirdim”

Günün günortaçağı banka soyğuna yollanıb, içəri girən kimi bıçağı xəzinənin önündəki müştəri qadının boğazına dirəyib, detektiv filmlərdəki kimi "Tərpənməyin, bu qarətdir" deyə qışqırıb. Kassadakı pulları qəpiyinə kimi verməyi xəzinədardan tələb edib. Əks halda, həm müştərini, həm də onu öldürəcəyi ilə hədələyib. Ən maraqlısı isə saxlanılarkən niyyətinin əslində bankı soymaq deyil, həbsə atılmaq olduğunu dilə gətirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan Bakı şəhər sakini, 50 yaşlı Nazim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, hadisə bu il yanvarın 18-də "Turan Bank" ASC-nin Yasamal filialında baş verib. Günorta saatlarında filiala gələn N.Məmmədov bankda pul dəyişmək istəyən 50 yaşlı Səriyyə Nəcəfovaya yaxınlaşaraq qəflətən bıçağı onun boğazına dirəyib.

Eyni zamanda, xəzinadardan kassadakı bütün pulları ona verməyi tələb edib. Əks təqdirdə qadını öldürəcəyini deyib. Kassada həmin vaxt 198 min 345 manat pul olub. Bankın əməkdaşları basqın edən şəxsə hiss etdirmədən həyəcan siqnalı düyməsini basıblar, mühafizə siqnalizasiyası işə düşüb, hadisə yerinə polis əməkdaşları gəlib, N.Məmmədov tərksilah edilib.

Təqsirləndirilən Nazim Məmmədov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. İfadəsində maddi imkanının yaxşı olmadığını, paytaxtdakı banklardan birini qarət etməyi planlaşdırdığını göstərib: "Hadisədən bir neçə gün əvvəl Nizami küçəsindəki "Turan Bank"a 300 dolları manata çevirmək üçün getmişdim. Həmin vaxt ətrafı diqqətlə müşahidə etdim. Bankın xəzinəsinin hər hansı xüsusi vasitə ilə mühafizə olunmadığını anladım. Basqın yolu ilə pul tələb etmək üçün münasib yer olduğunu düşündüm. Bu məqsədlə də yanvarın 18-də evdən bıçaq götürüb birbaş banka getdim".

2 saylı Ruhi-Əsəb Dispanserində müalicə olunan N.Məmmədovun ifadəsinə görə, bankın içərisinə daxil olub, xəzinənin qarşısında bir qadının, girişdə isə mühafizəçinin dayandığını görüb. İlk olaraq xəzinədən pul almaq istəyən qadına yaxınlaşıb. Kəmərinin altında gizlətdiyi bıçağı çıxararaq qadının boğazına dirəyib. Üzünü xəzinədara tutaraq pulları verməyi tələb edib: "Boğazına bıçaq dirədiyim qadın övladlarının olduğunu dedi, onu buraxmağımı xahiş etdi. Mən də buraxdım, qaçıb bankın digər otaqlarına sarı getdi. Sonra polislər banka daxil oldular, əlimdəki bıçağı yerə atmağımı tələb etdilər. Bıçağı yerə atıb təslim oldum".