Prokurordan Lənkəranskinin adamına qarşı şikayət


Digərləri 29 İyl 2018 16:54:00 285 0

Prokurordan Lənkəranskinin adamına qarşı şikayət

Quldur dəstəsi yaratmaqda təqsirləndirilən, kriminal aləmdə "Kritı Araz" kimi tanınan Araz Fərəcov və dəstə üzvləri Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Eltən Əliyev, Xəyyam Qurbanlının barəsində olan hökmdən prokuror tərəfindən apelyasiya protesti verilib.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, prokurorun təqdim etdiyi şikayətdə təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması tələb olunur. Prokurorun protesti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Yaxın günlərdə şikayət üzrə məhkəmə prosesi başlanacaq.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Araz Fərəcov 10 il, Vüqar Musayev 9 il, Renad Zahirov 9 il, Eltən Əliyev 8 il 6 ay, Xəyyam Qurbanlı 5 il və Elməddin Şahbazov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Namiq Babayevin barəsində 1 il 2 ay cəza təyin edilib. Onun həmin təyin olunan cəza müddətini istintaq və məhkəmə dövründə çəkdiyi nəzərə alınıb və məhkəmə zalından azadlığa buraxılıb.