Taksilər turistlərə qiymət “oxuya” bilməyəcəklər


Digərləri 29 İyl 2018 10:20:00 268 0

Taksilər turistlərə qiymət “oxuya” bilməyəcəklər

Biz ölkənin yüksəlişinə çalışırıq, qeyri-neft sektorunun inkişafı üçün ölkəyə daha çox turist cəlb etməklə turizm sektorunu genişləndirmək istəyirik. Və Azərbaycan özünün bu məqsədinə müəyyən mənada çata bilib.

Lakin hava limanından ölkəyə ilk addımını qoyan andaca aldadılan, ağac kölgəsini 5 manata satın alan turistlərlə bağlı da məlumatlar yayılır. Bu gün hava limanında düşüb, 5 manatlıq məsafəni 25 manata gedən turistlər taksi biabırçılığı ilə qarşılaşırlar.

Son.az bildirir ki, məsələ ilə bağlı modern.az-a danışan Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib ki, hava limanı ölkənin giriş qapısı sayılır:

"Əlbəttə ki, hava nəqliyyatı ilə ölkəmizə gələnlərə, o cümlədən sərnişinlərə göstərilən taksi xidmətinin indiki vəziyyəti heç bir halda bizi qane edə bilməz. Bakı Nəqliyyat Agentliyi bu narahatedici məqamın aradan qaldırılması üçün hələ bir müddət əvvəl məsələ qaldırıb. Bununla bağlı xüsusi konsepsiya da hazırlanıb. Konsepsiyaya əsasən hava limanında müasir və komfortlu nəqliyyat vasitələri ilə taksi xidməti göstəriləcək.

Bakı Nəqliyyat Agentliyi hava yolu ilə ölkəmizə gələnlərin hava limanında taksi xidmətindən istifadəsini asanlaşdırmaq üçün müasir innovasiyalara əsaslanan alətlərin hazırlanması istiqamətində də iş aparır".