Pedro Enrike: "Mənim ürəyim Braziliya millisinə məxsusdur"


İdman 28 İyl 2018 18:34:00 262 0

Pedro Enrike: "Mənim ürəyim Braziliya millisinə məxsusdur"

“Qarabağ”ın sabiq futbolçusu, hazırda Qazaxıstanın “Astana” klubunun formasını geyinən Pedro Enrike yerli mətbuatın  suallarını cavablandırıb.

- Baş məşqçi Roman Qriqorçukla nə qədər yaxşı tanışsınız?

- Onu Azərbaycan çempionatından tanıyıram, “Qəbələ”yə rəhbərlik edirdi. Üstəlik, o, “Çernomorets”də işləyəndə orada tanıdığım braziliyalı futbolçular oynayırdı. Onlar mənə bu mütəxəssis barədə danışmışdılar. Onun yaxşı mentaliteti var və yaxşı məşqçidir. Ümid edirəm ki, həm onunla, həm də yerli oyunçularla münasibətim qaydasında olacaq.

- “Astana”da “Qarabağ”da bir yerdə çıxış etdiyiniz Riçard Almeyda ilə yolunuz yenidən kəsişdi. Onunla dostluq edirsiniz?

- O, yüksək texnikaya malik yaxşı oyunçur. Çox ağıllıdır. Bəli, biz dostuq və bunu dostum olduğu üçün söyləmirəm. Almeydanın “Astana”da da bacardığı kimi yaxşı oynayacağına ümid edirəm.

- Almeyda Azərbaycan vətəndaşlığını qəbul etdi və bu ölkənin yığma komandasında oynayır. Sizin belə bir fikriniz olub?

- O, Azərbaycan millisində oynayır. Mən isə heç bir yerdə 3 ildən çox qalmamışam. Azərbaycan pasportu almaq üçün orada 5 il çıxış etmək lazımdır. Hazırda mənim ürəyim Braziliya millisinə məxsusdur. Amma özünüz də yaxşı bilirsiniz ki, ora düşmək çox çətindir. Çünki çox yüksək səviyyəli futbolçular var. Ona görə də fikrimi “Astana”dakı çıxışıma cəmləmişəm.

- Siz Azərbaycan futbolunda tarixi qola imza atdınız. Bu ölkənin Çempionlar Liqasındakı (ÇL) ilk qolunu vurdunuz. İndi adınızı Qazaxıstan futboluna yazdırmaq istəyirsiniz?

- Bəli, ÇL-də “Qarabağ” üçün vurduğum qolu xatırlayıram. “Astana”nın da heyətində ÇL-də qol vuracağıma ümid edirəm. Lakin ilk növbədə qrupa düşməliyik. Buna nail olmaq üçün hər şeyimiz var. Ora düşmək üçün döyüşəcəyik.