“Jara2018”: ikinci günün konserti də musiqi bayramına çevrildi


Digərləri 28 İyl 2018 08:48:00 322 0

“Jara2018”: ikinci günün konserti də musiqi bayramına çevrildi

İyulun 27-də "Jara-2018" Beynəlxalq Musiqi Festivalının ikinci gününün konserti də tamaşaçılar üçün əsl musiqi bayramına çevrildi.

Son.az "Report"a istinadən bildirir ki, "Jara"nın ikinci günündə Rusiyanın Xalq Artisti Valeriyanın, Rusiyanın Əməkdar Artisti Leonid Aqutinin, müğənni və bəstəkar Vladimir Presnyakovun yaradıcılıq gecələri keçirildi.

"Jara"nın ikinci günündə də bir çox tanınmış müğənnilər tamaşaçıların qarşısına çıxdılar. Festivalın iştirakçılarının sayı ildən-ilə artmaqdadır. Həmçinin festivalı dörd gün ərzində "Sea Breeze Resort"da canlı izləyənlərin sayı isə minlərlədir. "Jara-2018"in davam edəcəyi növbəti günlərdə də tamaşaçıları maraqlı konsert proqramı gözləyir.

Bu il festivalda iştirak edən azərbaycanlı ifaçıların da sayı artıb. Belə ki, Sevda Ələkbərzadənin, Samir Bağırovun çıxışları tamaşaçılara xoş anlar yaşatdı.

Səhnəyə çıxan Filip Kirkorov həmişəki kimi, tamaşaçı auditoriyası ilə sıx ünsiyyətdə olması ilə fərqləndi. O, qonaqpərvərliyə görə Azərbaycan xalqına təşəkkür etdi, gələn il bir daha bu festivala həvəslə gələcəyini söylədi. Ənənəvi olaraq bu dəfə də yeni mahnı təqdim etdi. İfaçının "Ne veryu ya" mahnısı alqışlarla qarşılandı.

Festivalın ikinci günü həm ayrı-ayrı ifalar, həm də duetlərlə yadda qaldı. Dünya şöhrətli estrada ulduzları yubilyarların repertuarlarından mahnılar səsləndirdilər.

Guzel Xasanova, Anjelika Varum, Nikolay Baskov, Jasmin, Leonid Aqutin və Lyubov Uspenskayanın, Valeriya və Kristina Orbakaytenin duetləri, Ani Lorakın, Qlükozanın çıxışları, Valeriya və Nikolay Baskovun, Valeriya və Sofiyanın, Aleksey Çumakov və Yuliya Kovalçukun, Stas Pyexa və İrina Dubtsovanın, EMIN və Keti Topuriyanın duetləri, The Jigits və A`Studio qruplarının eyni səhnəni bölüşməsi, Yuliana Karaulovanın, Natalinin, Slavanın, Vladimir Presnyakovun ifaları və digər çıxışlar alqışlarla qarşılandı.