Donald Trampın triumfu


Digərləri 27 İyl 2018 12:24:00 229 0

Donald Trampın triumfu

"Tramp istədiyini alıb, amma Avropaya lazım olanı hələ verməyib".

Bakı. İyulun 25-də Avropa Komissiyasının sədri Jan Klod Yunker Vaşinqtionda ABŞ prezidenti Donald Trampla danışıqlar apardı. Yunkerin məqsədi Amerika ilə Aİ arasında daha da genişlənəcəyi gözlənilən "ticarət müharibəsi”nin qarşısını almaq idi. Belə ki, Trampın Avropadan idxal olunan polad və alüminiuma yüksək tarif tətbiq etməsinin ardınca Avropa əks cavab verərək, soya da daxil olmaqla Amerika mallarına tarifi yüksəltmişdi. Bundan sonra Tramp tarif müharibəsinin ikinci mərhələsi haqda bəyanat verərərk Avropadan ABŞ-a idxal olunan avtomobillərə tarifi 20% yüksəldəcəyini vəd etmişdi. Qeyd edək ki, bu sahə avropalılar, xüsusilə də avtomobil sənayesinin aparıcı olduğu Almaniya iqtisadiyyatı üçün çox həssasdır. Avropa büdcəsinin böyük hissəsi bu sektorun hesabına formalaşır. Odur ki, Almaniyanın avtomobil sənayeçiləri dərhal Trampa müraciət edərək ticarətdə “sıfır tarif” prinsipinin tətbiqini təklif etdilər. Ancaq Donald Tramp bununla kifayətlənmədi. Londona səfər edib Britaniyanı Brexit məsələsində daha cəsarətli omağa həvəsləndirmişdi: “Mən Britaniyanın Aİ-ni tərk etməsi üçün nə etdiyini bilmirəm, amma nə etsələr də bu yaxşı ideyadır, arxayın olun ki, bizimlə ticarət edə bilərsiniz”. Tereza Mey də ABŞ-la B.Britaniya arasındaazad ticarət sazişinin tezliklə imzalanmasını arzuladıqlarını bəyan etdi. Bunun ardınca isə Donald Tramp Rusiya ilə bağlı avropalıların yuxusunu qaçıran bəyanatlar verib. Helsinkidə V.Putinlə görüşdü, görüşdən sonra söhbətin konstruktiv olduğunu bildirdi. Bundan bir qədər də irəli gedərək Putini Vaşinqtona dəvət etdi. Görünür ki, bütün bu sadalanan iqtisadi və geosiyasi təzyiqlər öz bəhrəsini verdi. Aİ Trampın “ədalətli ticarət” haqda tələblərinn qəbul etdi və J.K.Yunker belə bir konstruktiv mövqe ilə Vaşinqtona getdi. Qlobal qarşıdurma uçurumunun kənarındakı bir neçə aylıq gəzinti öz nəticəsini verdi. Tramp seçki öncəsi verdiyi vədə - xarici ticarətdə mənfi saldonun aradan qaldırılması və “ədalətli ticarət” vədinə əməl etmə yolunda ciddi addım atmış oldu. J.K.Yunkerlə D.Trampın Ağ Evin qarşısında “Qərənfil bağı”ndakı mətbuata birgə bəyanatını da Tramp qürurla oxudu. Toplaşanlar “sıfır tarif”, “sıfır maneə” ifadələrini alqışladılar və ABŞ prezidenti bu alqışları öz ünvanına qəbul edərək “təşəkkür edirəm” dedi. Beləliklə, Donald Tramp Aİ-ni 4 maddə üzrə geri çəkilməyə vadar etdi: 1) Avropa ABŞ-dan daha çox soya alacaq; 2) ABŞ-dan maye qaz alışını artıracaq; 3) ABŞ avtomobillərinə 15%-lik tarifin tam ləğv edilməsini də nəzərdə tutan "sıfır tarif" prinsipi üzrə danışıqlar başlayacaq. 4) ABŞ-la Aİ arasında bütün ticarət münasibətlərinə yenidən baxılacaq. Jan Klod Yunkerlə Donald Trampın görüşündə Avropa İttifaqının (Aİ) ABŞ-dan daha çox maye təbii qaz (LNG) alaraq təminatını şaxələndirməsi haqda razılaşma əldə olunub. Bu Avropa bazarında qazın gələcək qiymətinə təsir göstərəcək. Aİ ABŞ-dan soya alınması məsələsində də geriyə addım atıb. Amma ABŞ nə Avropa avtomobillərinə yüksək tarif tətbiqi məsələsində, nə polad və alüminiuma artıq tətbiq edilmiş tariflərdə hələlik güzəştə getməyib. Bunlar "sıfır tarif" prinsipi əsasında müzakirə olunacaq ki, bu da Trampın qələbəsi anlamına gəlir. Ona görə ki, Tramp istədiyini alıb, amma Avropaya lazım olanı hələ verməyib. Yunkerin səfərindən çıxan nəticələr yalnız ticarətlə bağlı deyil. ABŞ prezidenti bu səfərdən 3 qlobal rəqibinə qarşı da istifadə edəcək. Belə ki, Aİ ilə sərfəli ticarət danışıqları ABŞ-ın həm iqtisadi gücünü, həm də siyasi nüfuzunu artırır. Beləki, ABŞ bu danışıqlarda Aİ daxilində əsas rəqibi olan Almaniyanın İttifaq daxilində də, qlobal miqyasda da nüfuzunu laxladır. Belə ki, Tramp Avropa ilə qlobal əhəmiyyətli ziddiyyətləri Merkellə yox, Yunkerlə müzakirə edir və məhz onunla dil tapır. Bu, Almaniyanın və konkret olaraq Merkelin Aİ-dakı liderlik mövqeyini zəiflədir, əksinə, Brüsselin mövqeyini gücləndirir. İkinicisi, birgə bəyanatda qeyd olunduğu kimi anlaşmalar hələlik yalnız qeyri-avtomobil məhsullarına aiddir. Belə çıxır ki, D.Tramp əsasən qeyri-avtomobil mövzularında anlaşmaya açıq olduğunu göstərir. Bu da ayrıca olaraq Almaniyaya iqtisadi təzyiqi davam etdirmə anlamına gəlir. Ona görə ki, ABŞ-ın Avropa avtomobillərinə daha çox tarif tətbiq etmə haqda hədəsinin Almaniyaya daha çox zərbə vuracağı şübhə doğurmur. Aİ-nin ABŞ-dan daha çox sıxılmış qaz alma haqda vədi də Rusiyadan Avropaya daxil olan qazın vahid qovşağı kimi Almaniyanın inhisarçı rolunu, deməli, həm də İttifaq daxilindəki diqtəedici rolunu da azaltmış olacaq. Qeyd edək ki, ABŞ qazının əsas paylaşdırıcı mərkəzinin Polşa və Xorvatiyanın olacağı planlaşdırılır. Nəhayət, bu danışıqlar Trampa növbəti mərhələdə Çinə təzyiq göstərmək və nəticədə öz mövqeyini qəbul etdirmək imkanı verəcək. İbrahim Məmmədov Tarix üzrə fəlsəfə doktoru Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin