Yaxın zamanlarda güzəştli mənzillərin yenidən satışı ilə bağlı elan veriləcək


Digərləri 27 İyl 2018 11:47:25 225 0

Yaxın zamanlarda güzəştli mənzillərin yenidən satışı ilə bağlı elan veriləcək

“Güzəştli mənzil” sistemi təkmilləşdirilir

"Güzəştli mənzil" sistemi vasitəsilə mənzillərin seçimi zamanı bərabər şəraitin yaradılması, şəffaflığın və operativliyin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) aidiyyəti şirkət və qurumlarla birlikdə yaranmış nasazlıqları aradan qaldıraraq sistemin fəaliyyətinin təkmilləşdirilməsini həyata keçirib.

MİDA-dan Son.az-a verilən məlumata görə, "Güzəştli mənzil" sisteminin dayanıqlı, etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində fəaliyyətini təmin etmək üçün bir sıra işlər görülmüşdür. Bununla yanaşı, MİDA tərəfindən "Ernst & Young" ("EY") nüfuzlu beynəlxalq audit şirkətini cəlb edilərək, "Güzəştli mənzil" sisteminin Amerika Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutunun (AICPA) müəyyən etdiyi təhlükəsizlik, konfidensiallıq, proseslərin bütövlüyü (tam, etibarlı və dəqiq), əlçatanlıq və fərdi məlumatların qorunması ("Trust Services" meyarları) kimi qabaqcıl beynəlxalq standartlara əməl olunması üzrə yoxlamalar keçirilib. Cari ilin 20 iyul tarixində "EY" şirkəti "Güzəştli mənzil" sisteminin qeyd edilən tələblərə cavab verməsi ilə bağlı həyata keçirdiyi qiymətləndirməni başa çatdırmış və əldə olunmuş nəticələrə dair "SOC 2" və "SOC 3" rəylərini təqdim edib. Aparılmış yoxlamalar nəticəsində "Güzəştli mənzil" sisteminin etibarlılığı və Əsasnaməsində qeyd olunan məqsəd və fəaliyyət prinsiplərinə uyğunluğu təsdiqlənib.

SOC (Service Organization Controls) - elektron xidmət göstərən təşkilatlarda daxili nəzarət sistemlərinin effektivliyi haqqında hesabatlar toplusudur.  "SOC 2" və "SOC 3", "WebTrust" və "SysTrust"ın mövcud 5 prinsipinə (təhlükəsizlik, konfidensiallıq, proseslərin bütövlüyü (tam, etibarlı və dəqiq), əlçatanlıq və icazəsiz girişdən müdafiə) əsaslanan ictimai hesabatlardır. Bu rəyləri əldə etmiş təşkilatlar sırasına elektron  xidmət göstərən "Google" (https://cloud.google.com/security/compliance/soc-3/) və "Amazon" (https://aws.amazon.com/ru/compliance/soc-faqs/) kimi dünyanın qabaqcıl şirkətləri vardır.