Aydın Səfixanlı: "Paşinyan Azərbaycan Ordusundan necə qorxduqlarını bir daha bəyan edib"


Siyasət 27 İyl 2018 10:52:00 246 0

Aydın Səfixanlı: "Paşinyan Azərbaycan Ordusundan necə qorxduqlarını bir daha bəyan edib"

"Ermənistanın baş naziri Nikol Paşinyanın "Exo Moskvı" radiosuna müsahibəsində Ermənistanın müstəqil dövlət olmadığını, tarixən kölə olduqlarını və digər dövlətlərin himayəsi olmadan mövcud ola bilməyəcəklərini bəyan edib".

Son.az xəbər verir ki, bunu Trend-ə Ombudsman Aparatının rəhbəri, hüquq uzrə fəlsəfə doktoru Aydın Səfixanlı deyib.

Onun sözlərinə görə, N.Paşinyan Rusiya sərhədçilərinin Türkiyə-Ermənistan sərhədini mühafizə etdiyini etiraf etməklə Ermənistanın bir dövlət kimi öz sərhədlərini qorumaq iqtidarında olmadığını da etiraf edib:

"Məlum olduğu kimi, sərhəd hər bir dövlətin milli atributudur, müqəddəs və əzizdir. Müqəddəsdir, ona görə ki, bu sərhədlərin daxilində vətən adlandırdığımız coğrafi məkan yerləşir. Dövlətçiliyin mühüm atributu olan dövlət sərhədinin mühafizəsi isə dövlət müstəqilliyinin əsasını təşkil edir. Paşinyan isə Rusiya sərhədçilərinin Türkiyə-Ermənistan sərhədini mühafizə etdiyini, belə uzun sərhədi qorumaq məsuliyyətini daşımağın Ermənistan üçün böyük yük olduğunu etiraf etməklə Ermənistanın bir dövlət kimi öz sərhədlərini qorumaq iqtidarında olmadığını və beləliklə, müstəqil dövlət olmadığını, bir müstəmləkə olduğunu göstərib".

A.Səfixanlı qeyd edib ki, N.Paşinyan regionda vəziyyətin gərgin olduğunu, müharibə ehtimalının böyük olduğunu, özü də daxil olmaqla bütün ermənilərin ümid yerinin Rusiya olduğunu, Rusiyanın Azərbaycanı müharibədən çəkindirəcəyinə əmin olduqlarını bildirməklə Azərbaycan Ordusundan necə qorxduqlarını, özlərini müdafiə etmək qabiliyyətində olmadıqlarını bir daha bəyan edib:

"Paşinyan, həmçinin öz müsahibəsində Ermənistanın işğalçı ölkə olduğunu, erməni hərbçilərinin, hətta öz oğlunun Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində hərbi xidmət keçməsini etiraf edib. Bununla o, Ermənistanın BMT Nizamnaməsinin 2-ci maddəsində təsbit olunmuş "Birləşmiş Millətlər Təşkilatının bütün üzvləri hər hansı bir dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı hər hansı bir təhdidə yol verməməlidilər" tələbini pozduğunu, digər ölkənin ərazi bütövlüyünə qəsd etməklə işğala yol verdiyini dövlət rəhbəri olaraq etiraf edib".

Ombudsman Aparatının rəhbəri hesab edir ki, BMT-nin Təhlüksizlik Şurası Ermənistan rəsmisinin bu etiraflarına və ümumiyyətlə, artıq 30 ilə yaxın bir müddətdir ki, Ermənistanın yürütdüyü işğalçılıq siyasəti nəticəsində törədilən hərbi cinayətlərə etinasız yanaşmamalıdır. Belə ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, BMT üzvünə qarşı edilən təcavüzün qarşısı təşkilatın Təhlükəsizlik Şurası tərəfindən dərhal və qətiyyətlə alınmalıdır:

"Ümumiyyətlə, beynəlxalq problemlərin və münaqişələrin həllində beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsi əsas istinad mənbəyi olmalıdır. Əgər Azərbaycana qarşı edilən təcavüzün qarşısının alınmasında beynəlxalq birlik yenə də gözləmə mövqeyi tutarsa, Azərbaycan BMT Nizamnaməsinə uyğun olaraq, təcavüzə qarşı müdafiə hüququndan istifadə edərək təcavüzkarın cavabını özü verəcək".