ƏbuDabidə "Warner Bros. World" adlı tematik park açılıb


Digərləri 27 İyl 2018 07:28:00 275 0

ƏbuDabidə "Warner Bros. World" adlı tematik park açılıb

İyulun 25-də Əbu-Dabinin Yas adasında "Warner Bros. World. Abu Dhabi" adlı yeni möhtəşəm park istifadəyə verilib. Son.az AZƏRTAC-a istinadən bildirir ki, bir milyard ABŞ dolları sərmayə yatırılan bu park Əbu-Dabinin əyləncə kompleksləri sahəsinin lideri olan "Miral" şirkəti ilə "Warner Bros. Entertainment"in tərəfdaşlığının məhsuludur. Kompleksin altı tematik zonadan ibarət olan 153 min kvadratmetr ərazisində 29 supermüasir attraksion, ailəvi interaktiv lokasiyalar və unikal şoular təqdim edilib.

Qeyd edək ki, parkın rəsmi açılış mərasimi iyulun 24-də olub. Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum və Əbu-Dabinin vəliəhd şahzadəsi, BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Al Nəhyan mərasimdə iştirak ediblər.

"Miral" şirkətinin idarə heyətinin başçısı, Məhəmməd Xəlifə Əl Mübarək deyib: "Bu gün biz böyük iftixarla Yas adasında "Warner Bros. World Abu Dhabi" kompleksini açırıq. Bu kompleks aparıcı ailəvi turizm istiqaməti kimi Əbu-Dabinin mövqelərinin möhkəmləndirilməsi yolunda hamımız üçün əlamətdar hadisədir. Əminəm ki, onsuz da iri olan əyləncə kompleksləri portfelimizə bu tematik parkın əlavə olunması Yas adasını BƏƏ-nin qonaqları üçün daha cəlbedici edəcək. Biz "Warner Bros" ilə əməkdaşlıq etməyə şadıq, çünki təkcə gəncləri deyil, ürəyi cavan olan bütün insanları cəlb edən belə bir heyrətamiz attraksion məhz bu əməkdaşlıq sayəsində ərsəyə gəlib".

Sonra "Warner Bros. Cinema Spectacular" əyləncəli kino mərkəzində ilk dəfə filmə baxış olub. Mərkəzdə "Warner Bros" filmlərindən ibarət unikal kitabxana yaradılıb. Açılış mərasiminin sonunda Şeyx Zayed bin Əhməd bin Zayed Al Nəhyan, Şeyx Saif və Şeyx Əhməd bin Həməd bin Zayed Al Nəhyan populyar DC və "Warner Bros. Animation" qəhrəmanlarının müşayiəti ilə səhnəyə çıxıblar. Onlar rəmzi düyməni basmaqla tematik parkın açıldığını elan ediblər.


Xəbərə aid fotolar