AQTA: Qida məhsullarının təhlükəsizliyinə nəzarət imkanları genişlənir (FOTO)


Digərləri 26 İyl 2018 19:30:00 216 0

AQTA: Qida məhsullarının təhlükəsizliyinə nəzarət imkanları genişlənir (FOTO)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi və Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə "İxrac əməliyyatlarında qida təhlükəsizliyinin əhəmiyyəti və rolu" mövzusunda seminar keçirilib.

Bakı. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi və Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə "İxrac əməliyyatlarında qida təhlükəsizliyinin əhəmiyyəti və rolu" mövzusunda seminar keçirilib. Mərkəzdən Trend-ə verilən məlumata görə, "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə təlimin məqsədinin qida zəncirinin bütün mərhələlərində iştirak edən hər bir biznes subyektinin ixrac əməliyyatlarının həyata keçirilməsi zamanı qarşıya çıxan çətinliklərin və mübahisəli halların həll edilməsi istiqamətində maarifləndirməni təmin etmək olduğunu bildirib. Qeyd edib ki, bu istiqamətdə vahid dövlət siyasəti, dövlət tənzimləməsi və nəzarəti həyata keçirilir. Məhz bu səbəbdən ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi baxımından qeydiyyata alınması, sanitariya, gigiyena, baytarlıq və fitosanitar norma və qaydalarını bilmək və onlara əməl etmək sahibkarların işini asanlaşdıracaq. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev son illər həyata keçirilən islahatlar, kənd təsərrüfatı və qida sənayesi sektorunda müasir standartların tətbiqindən danışaraq, yerli ixrac əməliyyatları zamanı qida məhsullarının təhlükəsizliyinin təmin olunmasına nəzarət imkanlarının genişləndiyini vurğulayıb. O bildirib ki, həyata keçirilən islahatlar Azərbaycanın kənd təsərrüfatı və qida sənayesi sektorları üzrə ixracatın inkişafına mühüm töhfəsini verəcək, daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyaclarına cavab verən yüksək keyfiyyətli və təhlükəsiz məhsulların istehsalına kömək göstərəcək.