"Azərbaycanın 25 ildən artıqdır ki, danışıqlara getməsi Ermənistan üçün ən böyük kompromis deyilmi?"


Siyasət 26 İyl 2018 18:48:00 273 0

"Azərbaycanın 25 ildən artıqdır ki, danışıqlara getməsi Ermənistan üçün ən böyük kompromis deyilmi?"

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya mətbuatına müsahibəsində Azərbaycanın Dağlıq Qarabağ məsələsində hansısa kompromisə gedə biləcəyi barədə fikir səsləndirməsi tamamilə absurd və məntiqsizdir.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir:

"Ermənistan 25 ildən artıqdır ki, Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal edib. Bununla bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb olunur. Digər beynəlxalq təşkilatlar da Ermənistanın Azərbaycan ərazisini işğal etməsi barədə qərar və qətnamələr qəbul edib. Lakin indiyə qədər bu qətnamələrin heç biri yerinə yetirilməyib. Lakin Azərbaycanın kifayət qədər güclü ordusu olmasına, öz torpaqlarını hərbi yolla işğal etmək imkanının olmasına baxmayaraq, 25 ildən artıqdır ki, Ermənistanla danışıqlara gedir. Bu, Ermənistan üçün ən böyük kompromis deyilmi? Azərbaycan bundan başqa hansı güzəşti edə bilər?"

Deputat qeyd edib ki, N.Paşinyanın bu cür sərsəm fikirlərinin heç bir məntiqi yoxdur: "Azərbaycan Dağlıq Qarabağ məsələsində bundan başqa hər hansı bir güzəşt edə bilməz və torpaqlarının bir qarışını da düşmənə verməyəcək. Münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Əgər Ermənistan doğrudan da münaqişənin həllini istəyirsə, ilk növbədə, BMT-nin qətnamələrinə əməl edərək öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmalıdır".

N.Paşinyan "Rusiya müharibəyə imkan verməz" fikrinə gəlincə, A.Hüseynov deyib ki, burada da Ermənistanın baş naziri məntiqsiz fikirlər səsləndirir: "Əvvəla, burada Paşinyan dolayı yolla Ermənistanın zəif olduğunu, müharibə olacağı tədqirdə Azərbaycan qarşısında tab gətirə bilməyəcəyini etiraf edir. Digər tərəfdən, Paşinyan Ermənistanın müstəqil siyasət aparmaq, qərar qəbul etmək iqtidarında olmadığını göstərir".

Millət vəkili bildirib ki, Ermənistanın çıxış yolu yalnız işğal olunmuş Azərbaycan torpaqlarından çıxmaqdır: "Bundan başqa bütün variantlar Ermənistan üçün yaxşı heç nə vəd etmir".