Paşinyanın Brüssel iflası: erməni hökumət başçısının dilənçiliyi


Dünya 26 İyl 2018 18:18:00 285 0

Paşinyanın Brüssel iflası: erməni hökumət başçısının dilənçiliyi

Ermənistanın yeni hakimiyyətinin perspektivsiz xarici siyasət kursunu seçdiyi haqqında ekspert fikri mövcuddur. Nikol Paşinyan baş nazir postuna gələndən ortada yeni heç bir şey yoxdur.

Son.az newtimes.az-a istinadən xəbər verir ki, Ermənistanın daxili həyatı sanki sönüb, iqtisadiyyatda durğunluq davam edir. İllərdir Serj Sarkisyanın uğurlu daxili siyasət apardığını yazan kütləvi informasiya vasitələri indi də N.Paşinyandan eyni həvəslə yazır. Lakin S.Sarkisyanın sonu məlumdur. N.Paşinyanı da eyni aqibət gözləyir. Bu, onun Brüssel səfərindən sonra daha aydın görünür. Ermənistanın baş nazirinin özü Brüssel hava limanında jurnalistlərə bildirib ki, Avropa İttifaqı Ermənistana münasibətini dəyişsə, yaxşıdır. Brüssel erməni inqilabından ağızdolusu danışır, lakin heç bir konkret addım atmır. Ona görə də ya pafoslu danışıqlara son versinlər, ya da siyasətlərini dəyişsinlər. Deməli, faktiki olaraq N.Paşinyan Brüsseldən məyus qayıdıb. Əliboş dönüb. Bu məqam əslində İrəvanın apardığı siyasətin çürüklüyünün bir daha təsdiqidir. Bütövlükdə götürdükdə, N.Paşinyanın Brüssel səfərinin iflasının təhlili üzərində dayanmağa ehtiyac duyulur. Həm də bu, Azərbaycan rəhbərinin çox uğurlu Brüssel səfəri fonunda xeyli maraqlı görünür.

Siyasi köləlik: Brüssel səhnəsində

Nikol Paşinyanın Brüsseldə çəkdirdiyi fotolarda beli və boynu bükük görünməsi şəkil çəkənin ustalığının nəticəsi deyil. Ermənistanın yeni baş naziri təbiətən boynu bükük və başqalarının əmrini yerinə yetirən kölədir. Bu, onun siması, kimliyinin real təqdimatıdır. Sözdə reallaşdırdığı siyasətin ruhu da köləlikdən yoğurulub. Ekspertlər Brüsseldə bir daha bunun əyani şahidi oldular.

Öncədən ermənilər yeni baş nazirin Brüsselə səfərindən bir təbliğat kampaniyası düzəltməyə çalışdılar. Bəyan etdilər ki, əgər NATO-nun sənədlərində Ermənistanı qane etməyən məqamlar olsa, səfər baş tutmayacaq. Nələrdən ibarət imiş bu "erməniləri qane etməyən məqamlar"? Əlbəttə, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi məsələsini nəzərdə tuturdular. Bununla yanaşı, Azərbaycanın öz işğal edilmiş ərazilərini azad etmək haqqının tanınması da prinsipial əhəmiyyət daşıyır.

NATO və Avropa İttifaqının sənədlərində Azərbaycanın ərazi bütövlüyü tam dəstəkləndi, ancaq N.Paşinyan Brüsselə getdi. O, öz sözünü yedi. Həm də hər hansı iradını bildirmək üçün deyil, pul dilənmək, yardım istəmək və Azərbaycan Ordusunun qarşısının alınması üçün NATO-nun tədbir görməsini xahiş etmək üçün getdi. Bu barədə Rusiya KİV-lərində maraqlı yazılar dərc edilməkdədir (bax: məs., Андрей Иванов. Пашинян копирует Порошенко / News.ru, 17 iyul 2018).

Andrey İvanov vurğulayır: "Bununla Paşinyan diplomatiyası bitdi, çünki dostluq haqqında vədlərdən sonra dərhal pul xahiş etməyə başladı. "Ermənistanın demokratikləşmə cəhdlərini" Brüsseldə ildə 10 milyon avro əlavə yardım etməkdə qiymətləndirdilər. Bu miqdarla nəhəng layihələr reallaşdırmaq mümkün deyil və erməni baş nazir Aİ-nin nümayəndələrindən biri ilə görüşdə deyib ki, "demokratik Ermənistan özünə qarşı daha ciddi münasibət gözləyir"" (bax: əvvəlki mənbəyə). Bu fikirlər üzərində bir qədər geniş dayanaq.

N.Paşinyan diplomatiyası harada bitib? Birincisi, Brüssel səfəri N.Paşinyanın Moskvanı şantaj etmək işində son fraqmentdir. Çünki bu vaxta qədər erməni baş nazir Rusiyaya sadiq və yaxın müttəfiq olmaqla yanaşı, Aİ, ABŞ və NATO ilə də əməkdaşlıq etməyə üstünlük verdiklərindən danışırdı. Bu zaman Brüsselə NATO-nun tədbirinə səfəri Rusiya vətəndaşlarına tanışlıq məqsədi ilə edilən səfər kimi təqdim edirdi. "Yeni baş nazir Nikol Paşinyan sadəcə Qərbin dostu olmaq istəmir, həm də Rusiyaya düşmən əhval-ruhiyyəsində olan NATO-nun tərəfdaşı olmağa çalışır. Paşinyan KTMT-yə üzv ölkələrdən birinin yeganə lideridir ki, alyansın 11-13 iyul Brüssel sammitində iştirak etdi" (bax: əvvəlki mənbəyə).

Moskvanın qəzəbi: satqınlığın sərhədi

Bunlar Nikol Paşinyanın kadr siyasəti kontekstində təsadüfi görünmür. News.ru portalının yazdığına görə, antirusiya fəaliyyətində olanlardan Nazirlər Kabinetində yüksək vəzifələrə təyinat edib. Məsələn, diaspor üzrə nazirin müavini Babken Ter-Qriqoryan Soros Fondunun koordinatoru olub. O, hətta N.Paşinyan inqilabı zamanı meydanda Vladimir Putin əleyhinə sərt ifadələr olan plakatı əlində tutub.

Yeni mədəniyyət naziri Lilit Makunts 2016-cı ildə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əlaqəsi olan Sülh Korpusunda çalışıb. Əmək naziri Mane Tandilyan Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxmasını açıqca təbliğ edir. Ekspertlərin təxmininə görə, bütün bunları N.Paşinyan Moskvanı şantaj etmək üçün edir. O, mesaj verir ki, "mən sizin yeganə tərəfdarınızam və mənə dəstək verməsəniz, Ermənistan Qərb tərəfə keçəcək" (bax: əvvəlki mənbəyə).

Lakin Brüsseldə N.Paşinyanın ifadə etdiyi fikirlər və görüşməyə can atdığı adamların siyasi kimliyi göstərir ki, erməni liderin Kremlə qarşı aparmaq istədiyi şantaj siyasəti öz potensialını tükədib. Çünki N.Paşinyanın özünün siyasi kimliyi atdığı addımlardan aydın görünür. Moskva belə şeylərə inanmır və N.Paşinyanın səviyyəsiz bir siyasətçi olduğunu, öz yaxın tərəfdaşından imtina etməyi düşündüyünü və bunun üçün özünü Qərbə satmağa hazır olduğunu gördü. Məlum oldu ki, N.Paşinyanın Rusiya ilə bağlı dedikləri də yalan imiş və Ermənistanın xarici siyasət kursunu dəyişmək planı vardır. Bu mənada N.Paşinyanın primitiv manevrlərlə dolu siyasəti və diplomatik "hiyləgərliyi" bitib!

Ermənistanın yeni baş naziri daxili siyasətdə də bitmiş kimi görünür. Ekspertlərin fikrincə, onun Brüssel səfərini böyük diplomatik uğur adlandırmasına baxmayaraq, bu fikrin arxasında reallıq dayanmır. Məsələn, Ermənistanın hakimiyyətə yaxın KİV-lərində N.Paşinyanın bir sıra Qərb ölkələri liderləri ilə görüşünü aktiv təhlil edir, onu dövlətçiliyə xidmət kimi qələmə verməyə çalışır, hətta bəzi avropalı siyasilərin fikirlərindən sitat gətirir, N.Paşinyanın onlara dediklərindən bəhs edirlər.

Ancaq reallıqda heç bir işgüzar görüş olmayıb. N.Paşinyan avropalı liderləri küncdə-bucaqda gözləyərək qarşılarına çıxıb, özünü təqdim edib və onlar da nəzakət xatirinə ayaqüstü söhbət ediblər, yaxud qısa müddətdə oturub hal-əhval tutublar (bax: əvvəlki mənbəyə). Danışıqların heç birində də konkret mövzu olmayıb. Heç bir avropalı siyasətçi N.Paşinyana nəyisə vəd etməyib. Ümumi əlaqələr haqqında fikir mübadiləsindən başqa bir məsələ müzakirə edilməyib.

ABŞ Prezidenti Donald Trampla bağlı isə N.Paşinyan üçün çox gülünc olan bir vəziyyət yaranıb. N.Paşinyan ABŞ Prezidentinin həyat yoldaşı ilə çıxa biləcəyi qapının küncündə gözləyirmiş. Ancaq Prezident görünməyib. Ona çatdırıblar ki, D.Tramp və həyat yoldaşı arxa qapıdan bağçaya çıxıb. N.Paşinyan dərhal ona tərəf götürülüb. Qaçaraq D.Trampa çatıb və dişlərini ağardaraq əlini uzadıb. Təəccüblənən D.Tramp etika xatirinə onun əlini sıxıb və bu zaman fotolarını çəkiblər (bax: əvvəlki mənbəyə).

Bütün bunları müşahidə edən jurnalistlər N.Paşinyanın ləqəbini "liderlərin qarovulçusu" qoyublar. Daha dəqiqi "liderlərin yengəsi" ləqəbi olardı! Rusiyalı jurnalistin ümumiləşdirməsi isə doğrudan da maraqlıdır. A.İvanov yazır: "Ümumiyyətlə, Ukrayna Prezidenti Petro Poroşenkonun dəfələrlə oynadığı ssenari təkrarlanır. O, sammitdə Qərb liderlərinin arxasınca qaçır və fotokameraya düşməyə çalışırdı. Ancaq Ukrayna Prezidenti Ermənistanın baş nazirindən fərqli olaraq bu zaman "çoxvektorlu siyasət"dən danışmır və bir neçə stulda oturmağa cəhd göstərmir" (bax: əvvəlki mənbəyə).

Bu fikirlərdə də N.Paşinyanın bir siyasətçi kimi simasızlığı aydın təsvir edilir. P.Poroşenko birmənalı olaraq mövqeyini dəqiq ifadə edir. N.Paşinyan isə primitivcəsinə hamıya yalan satır - Moskvada Rusiya ilə, Brüsseldə isə Aİ ilə birlikdədir! Hərbi sahədə həm KTMT-dədir, həm də NATO ilə əməkdaşlıqda! Özü də bu zaman Ermənistanı Azərbaycanla müqayisə etməyə cəhd göstərir. Reallıqda isə bu ölkələrin hərbi-müdafiə siyasəti və təhlükəsizlik konsepsiyaları müqayisə oluna bilməz. Çünki Azərbaycan birmənalı olaraq müstəqil və balanslaşmış siyasət yeridir. Azərbaycan heç bir hərbi alyansın üzvü deyil. Onun Avropa ölkələri ilə də, Avrasiya İttifaqı ölkələri ilə də əməkdaşlığı uzun illərdir ki, bir-birindən asılı olmadan davam edir. Azərbaycan nə KTMT-yə can atır, nə də NATO-ya. Bakı öz milli maraqlarına uyğun olan məsələlərdə bərabərhüquqlu əməkdaşlıq qurur. Bu səbəbdən də nə Vaşinqton, nə Moskva, nə də Brüssel Azərbaycanın siyasətini tənqid etmir. Çünki buna əsasları yoxdur.

Ermənistan isə KTMT-yə, daha dəqiqi, Rusiyanın hərbi imkanlarına sığınıb, NATO ilə hərbi əməkdaşlıqdan dəm vurur. Hətta həyasızcasına NATO-ya irad bildirir ki, niyə Azərbaycana mesaj vermirsiniz ki, hərbi əməliyyatlara başlasa, ona sarsıdıcı zərbə vurulacaq. "Euronews"a verdiyi müsahibədə N.Paşinyan bəyan edib ki, Şimali Atlantika Alyansı Azərbaycana "güclü mesaj" verməlidir. Və əgər Dağlıq Qarabağı azad etmək istəsə, "Qərb bunu yalnız və yalnız bütün dünyada demokratiyaya olan təhlükə kimi qəbul etməlidir" (bax: əvvəlki mənbəyə). Ancaq NATO-da bu fikir təəccüb doğurub, çünki Qərb ölkələrinin liderləri dəfələrlə deyiblər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. NATO da Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib və müvafiq sənədlərdə həmin məqam əks olunub. NATO həm də bu kimi təxribatlara onu qarışdırmağın perspektivsiz olduğunu vurğulayıb.