“Ports&Harbors” jurnalı: Azərbaycanın uğurunun səbəbi ölkənin inkişaf missiyası və vizionu ətrafında olan milli həmrəylikdir


Digərləri 26 İyl 2018 18:17:38 209 0

“Ports&Harbors” jurnalı: Azərbaycanın uğurunun səbəbi ölkənin inkişaf missiyası və vizionu ətrafında olan milli həmrəylikdir

Azərbaycanın uğurunun səbəbi ölkənin inkişaf missiyası və vizionu ətrafında olan milli həmrəylikdir

Bakı. Böyük Britaniyada dərc olunan “Ports&Harbors” jurnalının iyul-avqust buraxılışında cari ilin 8-11 may tarixlərində Avrasiya məkanında ilk dəfə Bakıda keçirilən Beynəlxalq Limanlar Assosiasiyasının (IAPH) Dünya Limanları Konfransına xüsusi diqqət ayrılıb. Adı çəkilən konfransda iştirak edən jurnal redaktoru Penni Tomas (Penny Thomas) IAPH-in idarə heyətinin siyasət və strategiya üzrə rəhbəri Patrik Verxoven və bestseller yazıçı, beynəlxalq əlaqələr mütəxəssisi Paraq Xannanın şərqlə qərbi əlaqələndirmək və mərkəz yaratmaq istiqamətində Bakı Limanının planları, o cümlədən IAPH Bakı-2018 konfransı haqqında fikirlərini öyrənib. “Ports&Harbors” jurnalının redaktoru Penni Tomasın məqaləsini nəzərinizə çatdırırıq: Bakıda may ayında Beynəlxalq Limanlar Assosiyasiyasının Bakı 2018 Dünya Limanlar Konfransı çərçivəsində əsas müzakirə mövzusu olan və Çinin reallaşdırdığı “Bir Kəmər, Bir Yol” təşəbbüsündə Bakının rolunun elə də uzaqda olmadığı göstərildi. Konfransda iştirak edən 65 ölkədən 400-dən çox nümayəndə Bakı Limanının inkişaf edən Avrasiya logistik zəncirində öz yerini gücləndirmək planları ilə yaxından tanış oldu. IAPH-in prezidenti Santiaqo Qarsia-Mila, bu konfransın Avrasiya məkanında ilk dəfə məhz Bakıda keçirilməsinin əhəmiyyətini vurğuladı. "Biz əvvəllər Sinqapur və Dubay kimi yerlərdə gördüyümüz inkişafa hal-hazırda dünyanın bu hissəsində şahid oluruq. Burada əsas fərq ondan ibarətdir ki, Bakı təkcə ticarət limanı deyil, Şərqlə Qərb, eləcə də, Şimalla Cənub arasında qovşaq kimi sürətlə inkişaf edən, okeana birbaşa çıxışı olmayan bir mərkəzdir. Fakt odur ki, Dubay limanları və Hyperloop kimi qlobal oyunçuların buraya sərmaye yatırması beynəlxalq limanların ümumi mənzərəsinə əsaslı surətdə təsir edəcək faktorların olduğunu göstərir". Həm Xanna, həm də Verxoven Bakıda təqdirəlayiq bir prosesin baş verdiyi barədə həmfikirdirlər. "Mən buraya 15 ildir ki, gəlirəm və Bakının bu işin öhdəsindən necə yüksək səviyyədə gəlməsi məni heyrətləndirir", deyə Xanna bildirib. "Görülən işlər siyahısı əslində Dubay modelini təkrarlamaqdan daha çox şeyi ehtiva edir. Bu hər şeydən öncə əlverişli daşınmaz əmlak imkanı və təhsil sisteminin inkişaf etdirilməsinə yönəlmiş sərmayədir”. Verxoven də, bununla razılaşır. O qeyd edib ki, dünyanın ən inkişaf etmiş ölkələrindən fərqli olaraq, Bakı azad iqtisadi zonası ətrafında tamamilə yeni qonşuluq mühiti qurur və tədarük zəncirində olduğu kimi, ticarətdə rəqəmsal yeniliklərdən istifadə edir. Bu təkcə hər-hansı bir binanın yaxud avadanlığın tikintisi ilə məhdudlaşmayan, şirkətlərin özlərini təsis etməsi üçün işgüzar mühitin formalaşdırıldığı hərtərəfli bir sistemdir. Tam olaraq, bu Dubay və bir qədər əvvəl Sinqapurun da qəbul etdiyi modeldir.