Bakıda qadına və ərinə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb


Sosial 26 İyl 2018 16:14:34 229 0

Bakıda qadına və ərinə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Proses avqustun 9-da davam etdiriləcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanış olduğu qadını aldadaraq külli miqdarda pul almaqda təqsirləndirilən Ramil Muradovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktına əsasən, R.Muradov sosial şəbəkədə tanış olduğu, daha sonra isə aralarında yaxın münasibət yaranmış Sevinc Qasımovaya (ad və soy ad şərtidir) qarşı külli miqdarda dələduzluq edib.

Belə ki, R.Muradov ilk olaraq münasibət qurduğu qadından qəza törətdiyini deyərək pul istəyib. O, qadına söyləyib ki, "əgər pul verməsə, həbs edilə bilər".

Daha sonra isə o, davada iştirak edib, həbs edildiyini və azadlığa buraxılması üçün pul lazım olduğunu deyib. Növbəti dəfə də Sumqayıtda kafedə dava etdiyini, barəsində cinayət işi açıldığını və pul lazım olduğunu bildirərək S.Qasımovanın etibarından sui-istifadə edib.

R.Muradov S.Qasımovadan daha çox qızıl və brilliant alıb. Aldığı qızılların bir hissəsini lombarda qoyaraq pul götürüb və qadına da vəd verib ki, qızılları qaytaracaq.

R.Muradov ümumilikdə S.Qasımovaya 150 min manata yaxın zərər vurub.

İttihamda qeyd edilib ki, həmin məbləğin böyük hissəsi qızıl-zinət əşyalarıdır.

Cinayət işində zərərçəkmiş kimi S.Qasımova ilə birgə onun həyat yoldaşı da tanınır.

Məhkəmədə elan olunmuş ittiham üzrə R.Muradov özünü təqsirli bilmədiyini deyib.

Məhkəmə ona geniş ifadə vermək üçün növbəti prosesə qədər vaxt verib.

R.Muradov qısa olaraq bildirib ki, cinayət işi materiallarında göstərilənlər yalan və əsassızdır: "Bizim aramızda qızılın alınması, qaytarılması yalandır. Mən bu cinayət işindən imtina edirəm. Bu qədər ədalətsilik olmaz".

Hakim söyləyib ki, növbəti iclasda zərərçəkmişlərin də iştirakı təmin edilməlidir.

Proses avqustun 9-da davam etdiriləcək.

Qeyd edək ki, bu il yanvarın 30-da Binəqədi Rayon Polis İdarəsinə müraciət edən şəxs mənzilindən 57 700 dolların oğurlanması barədə məlumat verib.

Araşdırmalar zamanı pulun ev sahibinin arvadı tərəfindən götrülməsi əsaslı şübhələr yaratdığından əməliyyatçılar qadını saxlayıblar.

İlkin ifadəsində o, hadisədən xəbərsiz olduğunu deyib.

Daha sonra qadın etraf edib ki, pulu hissə-hissə Ramil adlı bir nəfərə kömək etmək məqsədi ilə verib.

Əməliyyat-axtarış tədbirlərinə başlayan Binəqədi Rayon Polis İdarəsi bu işdə şübhəli bilinən 30 yaşlı paytaxt sakini R.Muradovu saxlayıb.

Saxlanılan şəxs ifadəsində bildirib ki, həmin qadınla onlayın alış-veriş saytlarından birində əşya alarkən tanış olub. R.Muradov dələduzluq etmək niyyəti ilə qadına özünü ''hepatit'' xəstəsi kimi təqdim edərək ondan maddi kömək istəyib.

O, bu yolla ötən ilin noyabr ayından bu ilin yanvar ayının sonuna qədər 57 min 700 dollar pul alıb. Qadın pulları xəstə bildiyi şəxsə ərindən xəbərsiz verib.

R.Muradovun sözlərinə görə, qadından pulu iki dəfə özü alıb. Bir dəfə qadın pulu eyvandan atıb, digər vaxtlarda isə yaxınlıqdakı aptekə qoyurmuş.

Polis idarəsindən verilən məlumata görə, qadın sərbəst buraxılıb. Amma R.Muradov barəsində dələduzluq maddəsi ilə cinayət işi başlanıb.