Prokurorun böyük köməkçisi Faiq Quliyev


Digərləri 26 İyl 2018 13:48:00 263 0

Prokurorun böyük köməkçisi Faiq Quliyev

Ölkəmizdə korrupsiya və rüşvətxorluq hallarına qarşı daha ciddi mübarizə aparılması, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə edən vəzifəli şəxslərə qarşı tədbirlərin görülməsi, müasir tələblərə cavab verən prokurorluq orqanlarının formalaşdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyə və göstərişlərinin icrası ilə əlaqədar zəruri tədbirlər həyata keçirilməkdədir.

Lakin, son illər prokurorluğun kadr korpusunun sağlamlaşdırılması istiqamətində aparılan islahatlara baxmayaraq, bəzi prokurorluq əməkdaşlarının öz vəzifə borcuna laqeyd yanaşması, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, rüşvətxorluq və korrupsiya hallarına yol vermələri kimi neqativ hallara rast gəlinir.

Son.az xəbər verir ki, Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, İsmayıllı rayon prokurorunun böyük köməkçisi Faiq Quliyevin qanunsuz əməlləri barədə daxil olmuş vətəndaş müraciəti əsasında Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Araşdırma zamanı F.Quliyevin xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar "İsmayıllı Tikinti-27" ASC-nin idarə heyətinin sədri Azad Əliyevdən sonuncuya məxsus qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı aparılmış araşdırmanın nəticəsində barəsində cinayət işinin başlanmaması üçün, yəni edəcəyi qanunsuz hərəkətlərə görə 14 iyul 2018-ci il tarixdə, İsmayıllı rayon prokurorluğunun inzibati binasında külli miqdarda pul vəsaitini rüşvət kimi şəxsən A.Əliyevdən almasına əsaslı şübhələr müəyyən edildiyindən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən F.Quliyev barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq zamanı, həmçinin F.Quliyevin 17-18 iyul tarixlərində Qalib Süleymanova məxsus karxananın fəaliyyəti ilə bağlı aparılmış araşdırma zamanı sonuncunun cinayət məsuliyyətinə cəlb olunmaması müqabilində İsmayılli rayon prokurorluğunun inzibati binasında ondan külli miqdarda rüşvət almasına da əsaslı şübhələr müəyyən edilib.

F.Quliyevin rayon prokurorluğunda olan xidməti otağına baxış keçirilərkən seyfdə rüşvət kimi aldığı pul vəsaiti aşkar edilərək maddi sübut kimi götürülüb.