Bu gün qəbul imtahanı keçirilir


Digərləri 26 İyl 2018 09:10:00 313 0

Bu gün qəbul imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.

Mərkəzdən Son.az-a verilən məlumata görə, imtahanlar respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 61 binada aparılır.

İmtahanların idarə olunmasına 217 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2 585 nəzarətçi-müəllim cəlb olunub.

İmtahanda 31 904 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 14 993 abituriyent II qrup üzrə, 16 911 abituriyent III qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 29 370 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 13 641, III qrup üzrə 15 729 nəfər), 2 534 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1 352, III qrup üzrə 1 182 nəfər) məzunudur. Abituriyentlərin 13 849 nəfəri oğlanlar (II qrup üzrə 9 419 nəfər, III qrup üzrə 4 430 nəfər), 18 055 nəfəri isə qızlardır (II qrup üzrə 5 574 nəfər, III qrup üzrə 12 481 nəfər). 24 666 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 5 865 nəfər əvvəlki illərin məzunlarıdır. 98 nəfər ali təhsil müəssisələrinin, 1 275 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 163 abituriyent xarici ölkələrin vətəndaşlarıdır. Ən yaşlı abituriyent 1959-cu ildən, ən gənci isə 2003-cü ildəndir.