Ağdamda eradan əvvəl VI minnilliyə aid yaşayış məskəni tapılıb


Digərləri 26 İyl 2018 08:13:00 340 0

Ağdamda eradan əvvəl VI minnilliyə aid yaşayış məskəni tapılıb

Ağdamın Eyvazlı kəndi ərazisində yaşı 7000 ilə yaxın olan daha bir yaşayış sahəsinin qalıqları aşkarlanıb. AMEA Arxeologiya və Etnoqrafiya İnstitununun "Qarabağ neolit-eneolit ekspedisiyası"nın rəhbəri Xəqani Alməmmədov Milli.az-a bildirib ki, sözügedən ərazidə tədqiqatlar 2012-ci ildən başlayıb. 

Ekspedisiyasının tədqiqat planına əsasən, Qarabağ düzənliyində arxeoloji kəşfiyyat və əsas tədqiqat obyekti olan İsmayılbəytəpə neolit dövrü yaşayış yerində aparılan arxeoloji qazıntılar zamanı çox qiymətli materiallar aşkarlanıb: "Təpənin cənub hissəsində cənub radiusu boyunca hər biri 4x4 m ölçülərində 7 kvadrat qoyulub və aparılan qazıntı nəticəsində iki tikinti dövrünə aid düzbucaqlı, oval və dairəvi plan quruluşuna malik 8 tikili qalığı aşkar edilib.

Ən üst I tikinti səviyyəsində aşkar edilmiş tikili qalıqları dairəvi planlı olub, tək sıra samansız oval formalı çiy kərpiclərlə inşa edilmişdir. Tikililərin divarları hər iki tərəfdən samansız palçıqla suvanmışdır. Döşəmələri isə oxra əlavə edilmiş palçıqdan salınmışdır. Evlərin şimal hissəsində ocaq izlərinə təsadüf edimişdir.

I tikinti səviyyəsinə aid dairəvi planlı tikililər bir-birinə bitişik olaraq inşa edilmişdir. Evlərin həyəti eni 0,9 m olan çiy kərpicdən inşa edilmiş divarla əhatələnmiş, burada həcmi 0, 6 kub. m olan təsərrüfat küpü basdırılmışdır. Həyət də çiy kərpiclə döşənmişdir.

II tikinti dövrünə aid tikili qalıqları düzbucaqlı və oval quruluşa malikdirlər. Onların bəzilərinin ən alt səviyyəsi yerin təbii səthindən 1-1,5 m aşağıda yerləşir. Yarımqazma tipli olan düzbucaqlı planlı bu evlər qoşa, samansız oval kərpiclərlə inşa edilmişdir. Kərpiclərin ölçüləri standart olmayıb, istifadə yerinə görə dəyişir. Aşkar edilən qalın kül təbəqəsi və ləvazimatlara görə bu yarımqazma tipli evlərin yaşayış üçün deyil, təsərrüfat məqsədilə istifadə edildiyini ehtimal etmək olar. Belə ki, bu evlərin birində bir-birinin yanında 3 təsərrüfat küpü və ətrafı kərpiclərlə hörülmüş təsərrüfat quyusuna təsadüf edilir."


Xəbərə aid fotolar