Uşaqlarına Mio, Cani, Aftəndə, Pişərəndə, Keykül, Qirəndə kimi adlar qoymaq istəyənlər olub


Digərləri 26 İyl 2018 07:48:07 299 0

Uşaqlarına Mio, Cani, Aftəndə, Pişərəndə, Keykül, Qirəndə kimi adlar qoymaq istəyənlər olub

Azərbaycanda uşaqlarına Mio, Cani, Aftəndə, Pişərəndə, Keykül, Qirəndə kimi adlar qoymaq istəyənlər olub.

Bakı. İlhamə İsabalayeva - Nazirlər Kabineti yanında Terminologiya Komissiyası son dövrlərdə uşaqlara Mio, Cani, Aftəndə, Pişərəndə, Keykül, Qirəndə kimi heç bir mənası olmayan, gülüş doğuran adların qoyulması ilə bağlı edilən müraciətlərə mənfi cavab verib. Bunu Trend-ə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib. Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində uşaqlara Şeyla, Jiyan, Asenat adlarının qoyulması ilə bağlı müraciətlərə mənfi cavab verilsə də, komissiya bu adların tarixi köklərini araşdırdan sonra onların verilməsinə icazə verib: "Bizə iki qıza Şeyla, Asenat, 1 oğlan uşağına isə Jiyan adının qoyulması üçün müraciət edildi. Bu adların tarixi kökünü axtardıq və məlum oldu ki, həmin adlar türk mənşəlidir və yazılı tarixi abidələrdə var. Buna görə də bu adların qoyulmasına icazə verildi". S.Sadıqova bildirib ki, son dövrlərdə uşaqlara müəyyən adların qoyulması üçün imtina cavabının verildiyi hallar da çox olub. Onun sözlərinə görə, son dövrlərdə Cani, Aftəndə, Pişərəndə, Keykül, Qirəndə kimi adların qoyulmasına icazə verilməyib: "Bu adları qoymaq istəyənlər onların qədim dini adlar olduğunu əsas gətirirdilər. Bu adları Bakı və Bakıətrafı ərazilərdə yaşayanlar qız uşaqlarına qoymaq istəyiblər. Bundan başqa, komissiyaya müraciət edən Sevda adlı 18 yaşlı bir qız adını bəyənmədyini bildirərərək onu "Sevana" ilə əvəzləmək istədiyini açıqlayıb. Ona "Sevana" adının erməni adı olduğunu açıqlayandan sonra özü geri çəkildi. Bu yaxınlarda bir nəfər uşağına "Mio" adı qoymaq istəyirdi. Deyir ki, bu ad Amerika müğənnisinin adıdır. Ancaq bu ad bizdə necə səslənə bilər?! Ona görə də imtina cavabı verdik".