Abituriyentlərin nəzərinə - ixtisas seçimi iyulun 30-dan avqustun 13-dək internet vasitəsilə aparılacaq


Digərləri 25 İyl 2018 17:40:00 231 0

Abituriyentlərin nəzərinə - ixtisas seçimi iyulun 30-dan avqustun 13-dək internet vasitəsilə aparılacaq

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi ilə əlaqədar abituriyentlərə və onların valideynlərinə müraciət edib.

Bakı. Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi ilə əlaqədar abituriyentlərə və onların valideynlərinə müraciət edib. DİM-dən Trend-ə verilən məlumata görə, müraciətdə bildirilir ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi iyulun 30-dan avqustun 13-dək internet vasitəsilə aparılacaq. Bu müddət ərzində müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur. Sosial şəbəkələrdə aparılan monitorinqlər göstərir ki, bəzi insanlar abituriyentlər və onların valideynlərinin etibarından sui-istifadə edib özlərini reklam etməklə ödəniş müqabilində ixtisas seçimlərinin onlar tərəfindən həyata keçirilməsi ilə bağlı çağırışlar edirlər. Abituriyentlərə və onların valideynlərinə tövsiyə olunur ki, diqqətli olsunlar və bu işi yalnız kommersiya məqsədilə görən müəyyən qrup insanların vədlərinə inanmasınlar. İxtisas seçimi DİM-in rəsmi saytı vasitəsilə elektron qaydada aparılır və texniki cəhətdən bu prosesi həyata keçirmək çox sadədir. Proqram təminatı elə qurulub ki, səhv etmək ehtimalı yoxdur və ərizəni yadda saxla düyməsini basdıqda səhv və onun mahiyyəti barədə xəbərdarlıq edilir.