Bu rayonlarda məktəbəhazırlığa qeydiyyat elektron qaydada aparılacaq


Digərləri 25 İyl 2018 13:42:00 269 0

Bu rayonlarda məktəbəhazırlığa qeydiyyat elektron qaydada aparılacaq

2018-2019-cu dərs ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan, Abşeron, Yevlax, Samux rayon (şəhər) təhsil şöbələri tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin, o cümlədən həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərinin məktəbəhazırlıq qruplarına uşaqların qeydiyyatı mektebeqebul.edu.az sistemi vasitəsilə aparılacaq.

Son.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar təhsil naziri Ceyhun Bayramov 2018-2019-cu dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə əmr verib.

Əmrə əsasən, Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi və rayon (şəhər) təhsil şöbələri aidiyyəti yerli təşkilatlarla birgə 2018-2019-cu dərs ilində məktəbəhazırlıq qruplarına cəlb olunacaq 2013-cü ildə anadan olmuş uşaqların sayının dəqiqləşdirilməsi, müəllimlərin və ərazilər üzrə məktəbəhazırlıq təhsili təşkil ediləcək məktəblərin müəyyənləşdirilməsi üçün müvafiq tədbirlər görməlidirlər.