Azərbaycandan qeyri-neft məhsullarının ixracı üzrə Rusiya birinci yerdədir (FOTO)


Digərləri 25 İyl 2018 12:44:00 289 0

Azərbaycandan qeyri-neft məhsullarının ixracı üzrə Rusiya birinci yerdədir (FOTO)

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Moskvada səfərdədir.

Bakı. İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Moskvada səfərdədir. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Rusiya Federasiyasının iqtisadi inkişaf naziri, Komissiyanın həmsədri Maksim Oreşkinlə görüşüb. Aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Şahin Mustafayev dövlət başçılarının ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verdiklərini, ölkələrimiz arasında əlaqələrin strateji səviyyədə olduğunu və iqtisadi-ticarət sahəsi də daxil olmaqla bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 22 faiz artıb. Ticarət əlaqələrinin artım dinamikası 2018-ci ilin I yarımilliyində da davam edib və bu dövrdə ölkələrimiz arasında ticarət dövriyyəsi 20 faizədək artıb. Azərbaycandan qeyri-neft məhsullarının ixracı üzrə Rusiya birinci yerdədir. Təsadüfi deyildir ki, Azərbaycanın ilk ticarət nümayəndəliyi məhz Rusiya Federasiyasında yaradılıb. "Made in Azerbaijan" brendinin təşviqi, ixracın genişləndirilməsi məqsədilə Rusiyaya ixrac missiyaları təşkil edilib, Azərbaycan şirkətləri bu ölkədə keçirilmiş sərgilərdə vahid ölkə stendi ilə təmsil olunub. Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 milyard ABŞ dollarından çox, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4 milyard ABŞ dollarına yaxın investisiya yatırıb. 2017-ci ildə Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması Rusiya ilə Azərbaycan arasında ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətli addımdır. Rusiya Federasiyasının iqtisadi inkişaf naziri, Komissiyanın həmsədri Maksim Oreşkin Azərbaycan və Rusiya prezidentlərinin ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsinə böyük önəm verdiklərini, iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün yüksək potensialı vurğulayaraq, iqtisadi əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bildirib.