Bu ilin 6 ayında qanunla qadağan olunmuş yerlərdə siqaret çəkən 363 nəfər cərimələnib


Sosial 25 İyl 2018 12:35:45 303 0

Bu ilin 6 ayında qanunla qadağan olunmuş yerlərdə siqaret çəkən 363 nəfər cərimələnib

Cərimələr 11.205 manat təşkil edib

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunun tələblərindən irəli gələn vəzifələrin icrası daim diqqət mərkəzində saxlanılmış, tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədilə bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib.

Bu barədə “Report”a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Respublikanın şəhər, rayon polis orqanları tərəfindən aidiyyəti təşkilatlarla birgə qanunla tütün çəkilməsinə icazə verilməyən yerlərdə - təhsil və tərbiyə, səhiyyə və tibbi-reabilitasiya müəssisələrində, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində, uşaq meydançalarında, yerüstü qapalı və yeraltı piyada keçidlərində, Metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda, avtobusların dayanacaq məntəqələrində, liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində, taksafonlarda, yanacaqdoldurma məntəqələrində monitorinqlər keçirilmiş, fiziki və hüquqi şəxslər, fərdi sahibkarlar, eləcə də əhali arasında geniş izahat işləri aparılıb.

Maarifləndirmə tədbirləri çərçivəsində “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunun 11-ci maddəsinin 11.4-cü bəndinə əsasən, müvafiq qanunvericiliyin tələblərinin pozulması ilə bağlı Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzi Sisteminə və www.mia.gov.az elektron saytına müraciət etmək hüququnun olması barədə vətəndaşlara, fiziki və hüquqi şəxslərə, fərdi sahibkarlara məlumat verilib.

Ümumilikdə, 2018-ci ilin 6 ayı ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilmiş tədbirlər nəticəsində “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunu ilə qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə görə 363 şəxs İnzibati Xətalar Məcəlləsinin 212.1-ci və 306.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunub, onlara tətbiq edilmiş cərimələr 11.205 manat təşkil edib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.