Kolleclərə ixtisas seçimi başladı


Digərləri 25 İyl 2018 11:48:00 247 0

Kolleclərə ixtisas seçimi başladı

Kolleclərə ixtisas seçimi başladı.

Bakı. Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi iyulun 25-dən avqustun 6-dək internet vasitəsilə həyata keçirilir. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul qiymət alan abituriyentlər seçə bilərlər. Abituriyentlərin qabiliyyət imtahanlarından aldığı qiymətlər gün ərzində elektron məlumat bazasına daxil edilir və onlar günün sonunda ixtisas seçimi edə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər. Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.