İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yeni elektron xidmət istifadəyə verib


Digərləri 25 İyl 2018 11:37:00 322 0

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yeni elektron xidmət istifadəyə verib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) tərəfindən "Laboratoriya analizlərinin nəticələri" adlı yeni elektron xidmət istifadəyə verilib.

Son.az xəbər verir ki, Agentlikdən Trend-ə verilən məlumata görə, yeni elektron xidmət şəffaflığı, coğrafi məkandan asılı olmayaraq laborator müayinə nəticələrinə əlçatanlığı təmin etmək, vətəndaşların növbələrdə analiz cavablarını gözləməsi hallarını azaltmaq, bununla da əhalinin rahatlığını təmin etmək məqsədilə yaradılıb. Bu xidmət vətəndaşlar üçün vaxt itirmədən və kağız daşıyıcıdan istifadə etmədən laboratoriya analizlərinin nəticələrini öyrənmək imkanı yaradır.

Laboratoriya analizlərinin nəticələrini elektron xidmət vasitəsilə əldə etmək üçün vətəndaşa xəstəxana (Mingəçevir şəhər Mərkəzi Xəstəxanası/Yevlax rayon Mərkəzi Xəstəxanası) tərəfindən "Nümunə nömrəsi" və "Xəstə ID"-si qeyd olunan yarlıq (etiket) verilir.

Yeni elektron xidmətdən istifadə etmək üçün İTSDA-nın rəsmi its.gov.az saytında "E-xidmətlər" bölməsinin "Laboratoriya analizlərinin nəticələri" altbölməsini seçmək və yaxud bu linkə daxil olmaq olar. Ehtiyac olarsa vətəndaşlar laboratoriya analizlərinin nəticələrini çap edə bilərlər.