İsa Həbibbəyli: "Orfoqrafiya qaydaları haqqında obyektiv qərarlar qəbul ediləcək"


Digərləri 25 İyl 2018 11:05:00 295 0

İsa Həbibbəyli: "Orfoqrafiya qaydaları haqqında obyektiv qərarlar qəbul ediləcək"

Orfoqrafiya qaydalarına aid müzakirələr 2017-ci ilin dekabr ayından 2018-ci ilin aprel ayının sonlarınadək davam etdirilib. Müzakirələrdə 300 nəfərdən çox Azərbaycan vətəndaşı iştirak edib. Müzakirələrdə iştirak edənlərin içərisində kənd müəllimindən jurnalistlərimizə, yazıçılara və elm adamlarına, sosial şəbəkələrin nümayəndələrinə qədər cəmiyyətin ən müxtəlif təbəqələri təmsil olunub.

Son.az xəbər verir ki, bunu APA-ya AMAE-nın vitse-prezidenti, Orfoqrafiya Komissiyasının sədr müavini İsa Həbibbəyli deyib. O bildirib ki, nəinki müstəqillik illərində, keçmiş sovet hakimiyyəti illərində də Orfoqrafiya qaydaları qədər geniş, ardıcıl və uzunmüddətli müzakirələr olmayıb: "Orfoqrafiya qaydalarında hansı maddənin qəbul olunub-olunmayacağından asılı olmayaraq, necə deyərlər, bu müzakirələr ümumilikdə dilçilik elmini, ictimai və humanitar elmlərin digər sahələrini ciddi surətdə silkələyib. Bu, bütövlükdə Azərbaycan elmi üçün yeni və faydalı olan Orfoqrafiya qaydalarının hansı səviyyədə cəmiyyətimiz üçün faydalı olduğunu nəzərə çarpdıran mühüm addım olub.

Nəsimi adına Dilçilik İnstitutunda yaradılmış mütəxəssislərdən ibarət İşçi qrupu may-iyun ayları ərzində dövri mətbuatda çap olunan məqalələrdə və sosial şəbəkələrdə yayımlanan informasiyalarda, habelə Komissiyaya yazılı və şifahi şəkildə daxil olan məlumatlarda öz əksini tapmış yüzlərlə münasibət bildirilən rəyləri sistemləşdirmiş, hər maddə üzrə "hə" və "yox" cavablarının statistikasını müəyyən etmiş, onları təsdiqləyəcək qaynaqları göstərən siyahı tərtib edib. Bu, olduqca çətin və əhəmiyyətli olan yekun sənədlərini hazırlamaq üçün İşçi qrupunun apardığı dəqiq və əhəmiyyətli işi yüksək qiymətləndirirəm".