"Prokurorluq orqanları korrupsiya ilə mübarizəni öz fəaliyyətinin başlıca xətti kimi müəyyən edib"


Digərləri 25 İyl 2018 10:40:00 242 0

"Prokurorluq orqanları korrupsiya ilə mübarizəni öz fəaliyyətinin başlıca xətti kimi müəyyən edib"

İyulun 25-də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2018-ci ilin I yarısı ərzində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev görülmüş işlər barədə ətraflı məlumat verib.

Bildirilib ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kursun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən mükəmməl konseptual əsaslarla davam etdirilməsi ilə ötən dövrlərdə olduğu kimi, 2018-ci ilin birinci yarısında da bütün sahələrdə irimiqyaslı uğurlara imza atılıb, hüquqi-demokratik dövlət quruculuğunun inkişafına və cəmiyyətin sosial-iqtisadi rifahına hesablanmış müdrik siyasətin məntiqi nəticəsi olaraq bu il aprelin 11-də keçirilən demokratik, azad və şəffaf seçkilər yolu ilə xalqımız dərin inam və etimadını bir daha nümayiş etdirərək cənab İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçib.

Ötən dövr ərzində dövlət başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb, ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi və digər bu kimi korrupsiyaya qarşı mübarizə tədbirlərinə əsaslanan ardıcıl hüquqi və institusional islahatlar həyata keçirilib.

Xüsusi vurğulanıb ki, əvvəlki illərdə olduğu kimi hesabat dövründə də prokurorluq orqanları korrupsiya ilə mübarizəni öz fəaliyyətinin başlıca xətti kimi müəyyən edib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi prokurorluq orqanlarının digər qurumları ilə əlaqəli şəkildə bütün səylərini qarşıya qoyulmuş vəzifələrin uğurla və daha səmərəli şəkildə icra edilməsinə, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas təminatlarından olan ictimai-siyasi sabitliyin qorunmasına və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə yönəldib.

Korrupsiya hüquqpozmaları barədə müraciətlərinin fasiləsiz rejimdə qəbulu məqsədilə yaradılmaqla Baş İdarə ilə vətəndaşlar arasında mühüm əhəmiyyətli dialoq vasitəsi rolunu oynayan "161-Qaynar xətt" əlaqə mərkəzinə hesabat dövründə 1970 müraciət daxil olub, həmin müraciətlərin 16-sı üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Həmçinin əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar göndərilib.

Hesabat dövründə Baş İdarə rəisi, Baş İdarə rəisinin müavinləri, idarə və ya şöbə rəisləri, Təşkilati və informasiya təminatı idarəsinin prokurorları tərəfindən ümumilikdə 250 vətəndaşın qəbul edilməsi təmin edilib.

Mətbuat konfransında çıxış edən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nda nəzərdə tutulan tədbirlərin dövlət orqanları tərəfindən 86% icra edildiyini və Milli Fəaliyyət Planının Azərbaycanda və regionda ilk dəfə olaraq Elektron Monitorinq Sistemi (ems.gov.az) vasitəsi ilə qiymətləndirildiyini bildirib. K.Cəfərov korrupsiyaya qarşı həyata keçirilmiş mühüm qabaqlayıcı institusional tədbirlər çərçivəsində "ASAN xidmət" mərkəzlərinin sayının və fəaliyyət coğrafiyasının daha da genişləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Bundan başqa, K.Cəfərov cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində institutsional və qanunvericilik tədbirlərin həyata keçirildiyini, yeni Maliyyə Monitorinq Xidmətinin yaradıldığını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın səlahiyyətləri çərçivəsində bu sahədə müvafiq dövlət proqramının icrasına nəzarətin həyata keçirildiyini, qanunvericiliyin icra vəziyyətinin araşdırıldığını və Avropa Şurasının MONEYVAL Komitəsinin tövsiyələrinə uyğun olaraq təkliflərin hazırlandığını qeyd edib.

O, korrupsiyanın qarşısının alınması sahəsində Komissiyanın "Qanunverciliyinin təkmilləşdirilməsi üzrə" İşçi Qrupu tərəfindən yeni Milli Strategiya və Tədbirlər Planının layihəsinin hazırlandığını və prosesin ilin sonuna kimi müvafiq dövlət orqanları, beynəlxalq ekspertlər və təşkilatlar, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə yekunlaşacağını bildirib.

Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxışlarında korrupsiyaya qarşı mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2018-ci ilin I yarısı ərzində gördüyü işləri müsbət dəyərləndirib.