İsveç son 260 ilin ən isti iyul ayını yaşayır FOTO


Digərləri 25 İyl 2018 05:30:00 327 0

İsveç son 260 ilin ən isti iyul ayını yaşayır  FOTO

İsveç son 260 ilin ən isti iyul ayını yaşayır və ölkəni cənginə alan meşə yanğınlarının öhdəsindən gələ bilmir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, İsveçin paytaxtı Stokholmda orta aylıq temperatur göstəricilərini 1756-cı ildən qeydə almağa başlayıblar. İsveç meteoroloqları bildirirlər ki, bu ilin iyul ayı meteomüşahidələrin bütün tarixi ərzində ən isti və quraq iyul ayıdır. Bütün ay ərzində havanın temperaturu nadir hallarda 30 dərəcədən aşağı düşüb, yağıntının miqdarı isə o dərəcədə az olub ki, ölkə çox güclü quraqlıq problemi ilə üzləşib.

Yerli KİV-lər yazırlar ki, indiki hava şəraiti bu şimal ölkəsinə xas olmayan haldır. Meteoroloqlar bildirirlər ki, bu həftə termometrin civə sütunu bir qədər də yüksələcək.

Bütün bunlar İsveçin üzləşdiyi digər qorxunc hadisənin - meşə yanğınlarının fonunda daha böyük problem yaradır. Ölkə ərazisində meşə yanğınları baş alıb gedir. Yanğınların qarşısını almağa gücü çatmayan İsveç Avropa İttifaqından yardım istəyib. Ən iri yanğın ocaqları İsveçin mərkəzi bölgələrində - Yevleborq, Yemtland, Dalarna və Helsinqlandda, habelə şimalda - Qütb dairəsi zonasında və Baltik dənizindəki Qotland adasındadır. İsveç radiosunun məlumatına görə, ölkənin müasir tarixində ən iri meşə yanğınları Yusdal kommunasında (Yevleborq dairəsi) qeydə alınıb. Burada 13 min hektardan çox meşə sahəsi alovlar içindədir.


Xəbərə aid fotolar