Necə oldu ki, satıcı qadınlar "oturmaq haqqını" qazandılar?


Digərləri 24 İyl 2018 22:35:00 267 0

Necə oldu ki, satıcı qadınlar "oturmaq haqqını" qazandılar?

Bir çoxları deyir ki, oturmaq, hətta divara söykənmək maaşın kəsilməsinə gətirib çıxara bilərdi.

Hindistanın Kerala ştatında qadın birlikləri ştatda "oturma haqqını" qazanıblar. BBC Hindi müxbiri İmran Qureyşi xəbər verir.

Maya Devi uzun illər tekstil mağazasında satıcı işləyib. Lakin o deyir ki, işlədiyi müddətdə oturmağa haqqı yox idi.

"Hətta dükanda heç bir müştəri olmayanda belə otura bilmirdik", o xatırlayır. O, hətta tualetə belə gedə bilmədiyini deyir. Onun yaşadıqları qeyri-adi hadisə deyil.

Hindistanın Kerala ştatında zərgərlik və geyim dükanlarında işləyən qadınlar deyirlər ki, bu qaydalara əməl etmədikdə maaşları kəsilirdi.

Bu qaydalar o qədər geniş yayılmışdı ki, artıq işçilər "oturmaq haqqını" əldə etmək üçün mübarizəyə başlamalı olurlar və nəticədə onlar qalib gəlirlər.

Kerala ştatının rəhbərliyi bildirib ki, iyulun 4-dən sonra onlar qanuna dəyişiklik edərək işçilərin oturmasına icazə verəcəklər.

"Əvvəllər mümkün olmayan şeylər indi baş verir", Əmək Departamentindən yüksək çinli məmur belə deyib.

Yeni qaydalara görə, qadınlar tualetə getmək haqqını da qazanırlar. Rəsminin dediyinə görə, qanunu pozduqlarına görə dükan sahibləri cəzalana bilərlər.

Viji Palithodi "oturmaq haqqı" mübarizəsinə rəhbərlik edib.

"Bu elə məsələdir ki, oturmaq, su içmək və ya tualetə getmək haqqını əldə etmək üçün xüsusi qanuna ehtiyac olmadığını fikirləşə bilərsiniz", həmkarlar ittifaqının lideri Maitreyi deyir.

"Bu, təkcə Kerala ştatına xas hal deyil, digər ştatlarda da belədir", o əlavə edir.

Pərakəndə satışla məşğul olan dükanlarda işçilərin əksəriyyətini qadınlar təşkil edir. Onlar isə bir çox hallarda qanunlarla müdafiə olunmurlar.

43 yaşlı Devi deyir ki, 2014-cü ildə iş yoldaşları ilə birgə yükəsk maaş tələb edən həmkarlar ittifaqı yaratmağa cəhd göstərdiyi üçün işdən çıxarılıb.