Nabranda 3 yaşlı uşağın itdiyi məkandan reportaj


Digərləri 24 İyl 2018 22:13:00 331 1

Nabranda 3 yaşlı uşağın itdiyi məkandan reportaj

Son iki gündə ölkənin gündəmində yer alan hadisələrdən biri də Nabrandakı "Mayak" ailəvi istirahət mərkəzində itkin düşən və bir sutka sonra tapılan 3 yaşlı uşaq idi.

ATA VƏ BABA BESETKADA SÖHBƏT EDİB, UŞAQ MEŞƏYƏ GEDİB

Öncə ondan başlayaq ki, "Mayak"  "Dostluq" istirahət mərkəzinin yanında, yolun düz qırağında yerləşir. Kotteclərlə zəngin, bir tərəfi isə meşəliklərə doğru gedən bir məkandır. Bakı-Nabran yolu ilə gələndə yolun solunda qalır və sağ tərəfdə, üzərində "Mayak" ailəvi istirahət mərkəzi - 7/24 sözləri yazılmış bir lövhə görmək mümkündür. Biz də lövhəni görüb, məkana daxil oluruq. Video və fotolardan da gördüyünüz kimi, 40-a yaxın kottecin yan-yana düzüldüyü məkanda besetkalar da var. Besetkaların bəzilərində televizor da quraşdırılıb. Elə balaca uşağın itməsinə "səbəb" olan detallardan biri də bu besetka olub. Bu haqda bir qədər sonra.

Məkana girən kimi bizi qarşılayanlardan biri də administrator Ramiz Abbasov olur. Gözlədiyimin əksinə olaraq, "top-tüfənglə" qarşılamır. Əksinə, bu hadisəyə görə Bakıdan bura gəlməyimə təəccüblənir. Daha sonra isə baş verənləri anladır: "Onlar bura iyulun 22-də gəlmişdilər. İki saat olardı ki, gəlmişdilər. Öncə dənizə getdilər. Sonra anası uşağı atası ilə babasının yanına qoydu. Nənəsi içəridə paltar yuyurdu, anası da nəsə iş görürdü. Bax, o televizor olan besetkadan danışıram. (əli ilə sağ tərəfdəki besetkanı göstərir-müəl.) Nə oldusa, 5-10 dəqiqənin içində oldu. Bir də səs yayıldı ki, uşaq itib".

AİLƏ UŞAĞIN QAÇIRILMASI VERSİYASI ÜZƏRİNDƏ DAYANIB

Son.az musavat.com-a istinadən bildirir ki, o danışır ki, günorta saat 2-nin yarısında uşağın atası qaça-qaça onun yanına gəlib: "Dedi ki, "xəbər elə, bütün yolları bağlasınlar, uşağı qaçırıblar." Təbii ki, mən onun qaçırılma ehtimalını ağlıma gətirmədim. Dedim, uşaqdır da, hardasa oynayır. Çünki bu, ilk dəfədir ki, başımıza gəlir. Dərhal polislər, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəldilər. Başladı axtarış. Bu günlər ərzində Nabranda qalanlar bilirlər ki, helikopterlə belə axtarış oldu. Çünki helikopterin səsi hər yerdə eşidilirdi. İXüsusi təlim görmüş it də gətirdilər. Böyük bir əməliyyat başlandı".

R.Abbasov dedi ki, axtarışa yerli əhali də həvəslə qoşulub. Onlar da həmin saatlarda hər yeri ələk-vələk ediblər. Bu saatlar ərzində isə uşağın valideynləri olduqca pis vəziyyətdə olub. İstirahət mərkəzində çalışan əməkdaşların dediyinə görə, ailə daha çox uşağın qaçırılma versiyası üzərində dayanıb. Uşağın atası keçmiş polis işçisi olub, DYP-də çalışıb və məsələyə daha çox kriminal yöndən baxıb. R.Abbasov: "Bu kotteclərin arxası meşəlikdir. Həm də olduqca sıx meşəlikdir. Uşaq da atasının, babasının yanından ayrılıb, meşəliyə girib. Amma bu uşağın onların yanından ayrılıb, o meşəyə getməsi üçün 10 dəqiqə vaxt lazımdır. Bu da o deməkdir ki, onlar həmin müddətdə uşağı tamamilə unudublar. Halbuki uşaq onlara etibar edilmişdi".

ADMİNİSTRATOR: "MƏNİ GÜNAHLANDIRDILAR Kİ, NİYƏ KAMERAN YOXDUR? DEDİM, PUL YOXDUR QURAŞDIRMAĞA..."

Müsahibimizin sözlərinə görə, uşaq ordakı kol-kosa ilişdiyi üçün hərəkətsiz qalıb. Ümumiyyətlə, meşənin həmin yerində kolların çox sıx olduğunu deyən administrator körpənin ordan qurtulmaq üçün hərəkət etdiyini, bu səbəbdən də üz-gözünün cırıldığını vurğuladı: "Amma uşağı tapan yerli sakinlərdən biri idi. Adı Erik idi deyilənə görə. Ailəsi dərhal uşağı xəstəxanaya apardı, müayinə etdilər. Axşam isə yığışıb, qayıtdılar. Burda qalmadılar. Mən də qeydiyyat zamanı verdikləri pulu geri qaytardım. Onlar demək olar ki, burda qalmamışdılar. Gəldikləri saatdan bir-iki saat sonra uşaq itdi, gecə hamısı oyaq qaldılar, səhəri gün də çıxıb getdilər".

Administrator bildirdi ki, ailə onu ilk növbədə içəridə müşahidə kamerasının olmamasına görə ittiham edib: "Mən də onlara bildirdim ki, bunun üçün pulumuz yoxdur. İkinci bir tərəfdən də, bizim belə bir öhdəliyimiz yoxdur. Axı bura 3 hektar ərazisi olan bir yerdir. Kameranı bunun harasına, neçə yerə qoymaq olar? Mümkün deyil. Meşəyə də kamera qoya bilmərik ki. İmkanımız yoxdur kamera quraşdırmağa. Amma ailə dedi ki, kamera olsa, uşağı götürüb gedəni görmək olardı".


Xəbərə aid fotolar